Xəbərlər
AMEA Yüksək Texnologiyalar Parkı ilə “Ekvita” arasında əməkdaşlıq istiqamətində videokonfrans keçirilib
“AMEA Yüksək Texnologiyalar Parkı” MMC və “Ekvita” şirkətinin rəhbərləri və əməkdaşlarının iştirakı ilə qurumlar arasında əməkdaşlıq planlarının müzakirəsinə həsr olunmuş videokonfrans keçirildi.
İclas çərçivəsində YT Parkın strateji hədəfləri, cari fəaliyyəti, əldə olunmuş uğurlar və çatışmazlıqlar, həmçinin Parkın qabaqcıl təcrübəyə cavab verməsi üçün atılmalı addımlara dair ilkin analizlərin nəticələri müzakirə edildi.
Ekvitanın direktoru İlqar Mehti şirkətin xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti, habelə startaplar, kiçik və orta biznes, həmçinin iri neft və qaz, İKT, tikinti, kənd təsərrüfatı subyektləri ilə çoxillik əməkdaşlıq təcrübəsinə əsaslanan və Parkın strategiyasını dəstəkləyəcək potensial xidmətlər qrupunu Park əməkdaşlarının diqqətinə çatdırdı.
İnnovasiya fondunun fəaliyyət mexanizminin qurulması, Patent xidmətinin lazımi tələblərə cavab verməsi, habelə Parkın potensial rezidentlərinin müəyyənləşdirilməsi və cəlb olunması, biznes tərəfdaşlığının artırılması, əqli mülkiyyət işlərinin koordinasiyası, yerli və beynəlxalq tenderlərdə iştirak kimi önəmli işlərin icrasından danışıldı.
Ekvitanın dəstək təklifi “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru akademik Əli Abbasov və əməkdaşları tərəfindən müsbət qarşılandı.
Qeyd edək ki, Ekvita 2008-ci ildən hüquq, vergi, maliyyə və idarəetmə sahəsində xidmətlər göstərən yerli konsaltinq şirkətidir. Şirkət 60 nəfərdən yuxarı peşəkar heyəti ilə Dünya Bankı, Avropa İttifaqı, Asiya İnkişaf Bankı və digər beynəlxalq qurumlarla six əməkdaşlıq çərçivəsində iqtisadiyyatın bir sıra sahələrini ehtiva edən layihələrin icraçısıdır.