ETİKA və Komplayens

MƏQSƏD

EKVİTA-nın Biznes Şəffaflığı və Komplayens Siyasətinin (“Siyasət”) məqsədləri aşağıdakılardır:

  • Rüşvət, korrupsiya, maraqların toqquşması, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə münasibətdə bizim mövqeyimizi müşahidə etmək və rəhbər tutmaqla, bizim və bizim üçün işləyənlərin məsuliyyətini müəyyənləşdirmək;
  • Rüşvət və korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi məsələlərinin necə müəyyən olunması və onlarla necə mübarizə aparmaq lazım olduğu haqqında məlumat vermək və qaydalar müəyyənləşdirmək; qısa şəkildə mövcud qanunvericilik aktlarının əhatə dairəsini təsvir etmək, tələb olunan hərəkətləri və gözlənilən nəticələri izah etmək;
  • Ekvita-nın rüşvət, çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və biznesdə olan digər qanunsuz fəaliyyətlərə qarşı sıfır dözümlülük siyasətini təmin etmək;
  • Ekvita-nın rüşvətxorluqla mübarizə üzrə idarəetmə sisteminin tələblərini qarşılamaq;
  • Ekvita-nın rüşvətxorluqla mübarizə üzrə idarəetmə sisteminin davamlı inkişafını təmin etmək; Mümkün maraqların toqquşması situasiyası ilə necə mübarizə aparılması barədə məlumat vermək və qaydaları müəyyənləşdirmək.

Bu Siyasət vicdanlı, etik və uyğun işgüzar adətlər üçün vasitə olaraq hazırlanmışdır. Eyni zamanda, bu, bizim davamlı inkişaf fəlsəfəmizin bir parçasıdır.

GİRİŞ

Peşəkar konsaltinq şirkəti olaraq, bütün biznes əlaqələrimiz və münasibətlərimizdə peşəkar, ədalətli və şəffaf fəaliyyət göstərməkdə qərarlıyıq. Fəaliyyətimizin bir hissəsi kimi, biz digər şəxslərə (müştərilər, biznes cəmiyyəti və s.) rüşvətxorluq və korrupsiyaya qarşı effektiv sistemin qurulması və tətbiq edilməsi üzrə təlimlər keçdiyimiz üçün, bu sahədə özümüz ən yüksək səviyyədə uyğunluq göstərməliyik.

Bütün biznes əməliyyatlarında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə haqqında Qanununun və digər müvafiq qanunvericilik aktlarının tələblərinə riayət edəcəyik. Fəaliyyətimiz coğrafi cəhətdən, əsasən, Azərbaycanla məhdudlaşsa da, hər zaman ən qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmağa çalışırıq. Bu məqsədlə, Biznes üçün Anti-korrupsiya Etikası və Komplayens Təlimatı (İƏİT, Dünya Bankı və BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin birgə nəşri), İƏİT-nin Daxili idarətmə, Etika və Komplayens üzrə Qabaqcıl Təcrübi Göstərişləri ISO 37001: Rüşvətxorluğa qarşı İdarəetmə sistemləri kimi tövsiyə olunmuş beynəlxalq standartlara uyğun hərəkət etməkdir. 

Həmçinin, portfelimizdə beynəlxalq müştərilərin sayının üstünlük təşkil etməsini nəzərə alaraq, onların gözləntilərinə və tələblərinə cavab verəcəyik. Bu səbəbdən biz, Azərbaycanın milli qanunvericiliyi və ən qabaqcıl beynəlxalq standartlarla yanaşı, hər ikisi etikanın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizəyə yönəlmiş 2010-cu il tarixli Birləşmiş Krallığın Rüşvətxorluq barədə Aktına və 1977-ci il tarixli Birləşmiş Ştatların Xarici Korrupsiya Əməlləri haqqında Aktına riayət etməyi öhdəmizə götürürük.

Eyni zamanda,  çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparmağı və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, BMT və Avropa Şurasının Konvensiyaları, mövzu ilə əlaqəli olan Ai-nin Direktivləri və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) tövsiyələri, standartları və metodları kimi standartlar və vasitələri kimi milli və beynəlxalq aktlara riayət etməyi öhdəmizə götürürük.

ƏHATƏ DAİRƏSİ

Məşğulluq müddəti, vəzifəsi və iş qrafikindən (tam və ya yarım ştat) aslı olmayaraq, EKVİTA-nın bütün işçiləri bu Siyasətə əməl etməyə borcludurlar. Bu Siyasət həmçinin ezam olunmuş işçilərə, könüllülərə, təcrübəçilərə, agentlərimizə, biznesdəki ortaqlarımıza, əməkdaşlarımıza, podratçılara və xarici məsləhətçilərə də şamil olunur.

RÜŞVƏTXORLUQ VƏ KORRUPSİYA

Qarşı tərəfi öz vəzifəsini həyata keçirərkən lazımi qaydada hərəkət etməməyə vadar etmək üçün birbaşa və ya dolayı yolla hər hansı maliyyə vəsaitini və ya digər faydanı təklif, vəd, təqdim və ya qəbul etmək, yaxud lazımi qaydada hərəkət etmədiyi və ya etməməsi üçün onun mükafatlandırılması Rüşvət hesab olunur.

Şəxs qeyri-qanuni, qeyri-etik hərəkət edirsə, yaxud vicdan və  qərəzsizliyə zidd olaraq hərəkət edirsə, və ya etibardan sui-istifadə edirsə, o, lazımi qaydada hərəkət etmir. Lazımi qaydada olmayan hərəkətlər təşkilati-hüquqi formasından asılı olmayaraq, istənilən müəssisə tərəfindən və ya onun adından hər hansı biznes və peşəkar fəaliyyət zamanı, ictimai funksiyalar həyata keçirilərkən, əmək münasibətləri zəminində və digər hallarda ortaya çıxa bilər.

Faydaya, yəni rüşvətə pul, hədiyyələr, borclar, ödənişlər, qonaqlıq, xidmətlər, endirimlər, müqavilə və yaxud hər hansı başqa dəyərli əşya ilə mükafatlandırmalar daxildir.

Birbaşa rüşvət halında, rüşvət alan və rüşvət verən arasında baxışların üst-üstə düşməsi və ya razılaşma baş verir.

Dolayı rüşvət halında, rüşvət alan və rüşvət verən arasında birbaşa müqavilə/razılaşma baş vermir. Dolayı rüşvətin səciyyəvi nümunəsi kimi müqaviləni bağlamaq üçün kommersiya agentinin işə cəlb edilməsini göstərmək olar. Biz bu cür fəaliyyətin hər hansı forması ilə məşğul olmur və ya buna göz yummuruq.

Korrupsiya cinayət fəaliyyəti və ya vicdansızlığın bir növüdür. Yəni, qeyri-qanuni yollarla üstünlük əldə etməyə çalışılan hər hansı qeyri-qanuni və ya qeyri-münasib davranış, başqa sözlə, “etibar edilmiş səlahiyyətdən şəxsi mənfəət üçün sui-istifadə” deməkdir. Korrupsiyaya rüşvətxorluq, sürətləndirmə ödənişləri və ya qeyri-münasib biznes təcrübəsinin digər formaları daxildir. Bu, özəl və ya dövlət sektorunda olmasından asılı olmayaraq, şəxsi maraq naminə etibar edilmiş səlahiyyətdən və ya vəzifədən onların təyinatına zidd olaraq istifadə etmək kimi ümumiləşdirilə bilər.

RÜŞVƏTXORLUĞUN FORMALARI

Qanunsuz ödənişlər (“hörmət”) dedikdə, əməliyyat başa çatdıqdan sonra, əməliyyata müəyyən təsir göstərdiyini qəbul edərək müəyyən pul dəyəri olan istənilən əşya verilməsi və ya alınması nəzərdə tutulur.

Hədiyyələr və qonaqpərvərlik, əyləncə

“Otkat” təchizatçı və ya xidmət göstərənlərlə müvafiq müqavilənin bağlanmasını təmin edən şəxslərə müqavilə məbləğinin müəyyən hissəsinin təchizatçı və ya xidmət göstərənlər tərəfindən həmin şəxslərə geri ödənişi ilə müşayiət olunur. Biz bu ənənəvi və gözlənilən olduğu halda da, heç bir növ “şirinlikləri” vermir və qəbul etmirik.

Bütün işçilər, bizim tərəfimizdən və ya bizim adımızdan “otkat” və ya sürətləndirmə ödənişlərinin edilməsinə və ya qəbul edilməsinə gətirib çıxaran və ya bu cür ödənişin baş verməsini ehtimal edə biləcək hər hansı hərəkətdən çəkinməlidirlər.  Əgər sizdən bizim adımızdan ödəniş etmək istənilirsə, siz həmişə ödənişin nə üçün edildiyini və tələb olunan məbləğin təqdim olunan mal və ya xidmətlərə mütənasib olub-olmadığını dərk etməlisiniz. Siz həmişə ödənişin səbəblərini əks etdirən qəbzi tələb etməlisiniz. Ödənişlə bağlı hər hansı şübhə, narahatlıq və ya sorğunuz olduğu halda, bunları Komplayens Funksiyasına bildirməlisiniz.

Sürətləndirmə ödənişləri (“Şirinlik”) ödəyiciyə hər bir halda göstəriləcək dövri əməliyyatların sürətləndirilməsi üçün vəzifəli şəxsə heç bir qanuni əsas olmadan ödənilən xırda rüşvətdir. Misal olaraq, gömrük rəsmiləşdirilməsini sürətləndirmək üçün ödənişləri, uzun növbələrdən yayınmaq, sürətli qərarın verilməsi üçün ödənişləri göstərmək olar. Sürətli xidmətin göstərilməsi üçün rəsmi qaydada təsdiqlənmiş və dərc edilmiş dövlət rüsumları mövcuddursa, bu cür rüsumlar qanuni olduğundan, onların ödənilməsi sürətləndirmə ödənişi sayılmayacaq. Bu cür sürətləndirmə ödənişləri ənənəvi və gözlənilən olduğu halda belə, Biz heç bir sürətləndirmə ödənişləri etmirik və qəbul etməyəcəyik.

Komissiya/ödəniş haqqı şirkət və ya fiziki şəxs tərəfindən kommersiya müqaviləsinin təmin edilməsinə kömək məqsədilə agent/agentlik xidmətlərini əldə etmək üçün istifadə olunur.

Maraq(lar)ın Toqquşması (korrupsiya elementi kimi) dedikdə, işçinin tranzaksiyada iqtisadi və ya şəxsi marağının olması nəzərdə tutulur. Maraqlar toqquşması vəziyyətlərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması ilə bağlı ətraflı qaydalar ilə EKVİTANIN 13.04.2020-ci il tarixli Maraqların Toqquşması Siyasətində tanış ola bilərsiz.

QADAĞAN OLUNMUŞ HƏRƏKƏTLƏR

Aşağıdakılar qadağan edilmişdir:

  1. Biznes faydasının əldə olunması gözləntisi və ya ümidi ilə yaxud artıq verilmiş biznes faydasına görə qarşı tərəfi mükafatlandırmaq üçün ödəniş, hədiyyə və ya qonaqpərvərlik etmək, vəd və ya təklif etmək;
  2. Hər hansı kommersiya danışıqları və ya tender prosesi zamanı hədiyyə və ya qonaqlıq vermək və ya qəbul etmək, o halda ki, bu, işin nəticəsinə təsir məqsədli və ya təsir imkanına malik olması kimi anlaşılır;
  3. Üçüncü tərəflərdən ödənişin, hədiyyənin və ya qonaqlığın qəbul edilməsi, o halda ki, bunun qarşılığında həmin tərəfə və ya başqasına biznes faydasının gözlənilməsi məlumdur və ya belə bir şübhə var;
  4. Üçüncü tərəfdən mövcud şəraitə görə həddən artıq səxavətli və ya şişirdilmiş qonaqlığın qəbul ediməsi;
  5. Dövlət qulluqçularına və ya nümayəndələrinə, yaxud siyasətçilərə və ya siyasi partiyalara hədiyyələrin verilməsi və ya onlardan əldə edilməsi;
  6. Rüşvət əməli törətməkdən imtina edən və ya bu Siyasətə uyğun olaraq öz narahatlığını ifadə edən işçiyə hədə-qorxu gəlmək və ya intiqam almaq; yaxud
  7. Cinayət yolu ilə əldə edilmiş əmlaka və yaxud onun gəlirlərinə sahib olmaq, gizlətmək, istifadə etmək, konversiya etmək və ya köçürmək;
  8. Yuxarıda qeyd olunanlardan hər hansı birinin təşkilində iştirakçı olmaq, yaxud
  9. Terror fəaliyyəti ilə əlaqəli olan və yaxud terror fəaliyyəti üçün istifadə olunan vəsaitlərə sahib olmaq və yaxud hər hansı formada həmin vəsaitlərlə məşğul olmaq;
  10. Bu Siyasətin pozulmasına səbəb olan hər hansı digər hərəkət və ya hərəkətsizlik.

 

HƏDİYYƏLƏR, QONAQPƏRVƏRLİK VƏ XƏRCLƏR

Bu Siyasət aşağıdakı məqsədlərlə, hədiyyənin, qonaqlığın və ya ianənin mövcud şəraitə uyğun olması və həddindən artıq olmaması şərtilə, üçüncü tərəflərə təqdim edilən və ya onlardan qəbul edilən, ağlabatan və sadə qonaqlıqlara, əyləncə xarakterli tədbirlərə icazə verir:

(a) Yaxşı biznes əlaqələrinin qurulması və qorunması;

(b) İmic və reputasiyamızın yaxşılaşdırılması və qorunması; və ya

(c) Marketinq, yaxud xidmətlərimizin effektiv şəkildə təqdim olunması.

Qeyd: Qonaqpərvərlik və ya ianə ilə bağlı hər adam və hər bir tədbir üçün limit  100 (bir yüz) manat təşkil edir.

Aşağıdakı tələblərə cavab verildiyi halda hədiyyələrin verilməsi və ya qəbul edilməsinə icazə verilir:

(a) Hədiyyənin səbəbini, vaxtını və dəyərini nəzərə almaqla mövcud şəraitdə məqsədə uyğun olduqda;

(b) Üstü örtülü şəkildə deyil, açıq-aşkar formada təqdim edildikdə;

(c) Bütün tətbiq olunan yerli qanunlara uyğun olduqda; və

(d) Sistematik xarakter daşımadıqda.

Azərbaycan qanunları dövlət rəsmilərinə müəyyən məbləğə qədər dəyəri olan hədiyyələrin verilməsinə icazə versə də, biz, dəyərindən asılı olmayaraq, dövlət rəsmilərinə hədiyyələrin verilməsini qadağan edirik.

Açıqcalar, broşüralar, təqvimlər kimi şirkətin reklam xarakterli əşyalarına yalnız onların dəyəri qanunvericiliklə müəyyənləşdirilmiş həddi keçmirsə, icazə verilir.

İstənilən şəraitdə nağd pul hədiyyələri və ya ödənişlərin verilməsi və ya qəbul edilməsi qəti qadağandır.

Bütün hallarda hədiyyənin, qonaqlığın və ya ödənişin ağlabatan və əsaslı olmasını müəyyənləşdirmək üçün yoxlama həyata keçiriləcəkdir. Onun arxasında dayanan məqsəd nəzərə alınmalıdır.

Müəyyən edilmiş maksimum xərc limitinə uyğun olaraq, müştərilərimizə ənənəvi bayramlar münasibətilə təqdim etdiyimiz kütləvi hədiyyələr Şirkətin Hədiyyə Qeydiyyatı Formasında qeydiyyata alınmır.

Vəzifəli şəxs dedikdə, (i) istənilən hökumətin və ya departamentin, agentliyin, orqanın və / və ya hər hansı dövlətə məxsus və ya dövlət tərəfindən idarə olunan şirkətin, dövlətin otuz faizdən çox paya malik olduğu hüquqi şəxsin və / və ya beynəlxalq ictimai təşkilatın istənilən rəsmi nümayəndəsi, dövlət qulluqçusu, direktoru, əməkdaşı və ya işçisi; (ii) hakimlər və ya digər məhkəmə işçiləri, hərbi qulluqçular, gömrük, polis, milli təhlükəsizlik və ya başqa hüquq mühafizə orqanı əməkdaşları da daxil olmaqla, lakin onlarla məhdudlaşmayaraq, hər hansı dövlət departamenti, agentliyi, orqanı və ya beynəlxalq ictimai təşkilat adından çıxış edən, yaxud hər hansı rəsmi, qanunverici, inzibati və ya məhkəmə səlahiyyəti olan hər hənsı şəxs və (iii) yuxarıda göstərilənlərin hər hansı yaxın ailə üzvü başa düşülür.

İANƏLƏR

Qanunvericilik və təcrübə baxımından qanuni və etik olduğu təqdirdə, xeyriyyə yardımlarına icazə verilir; onlar heç zaman hər hansı bir qərara təsir etmək və ya biznesdə fayda qazanmaq məqsədi ilə edilməli deyil və həmişə ictimailəşdirilməlidir.

 

ÇİRKLİ PULLARIN YUYULMASI (PL) VƏ TERRORÇULUĞUN MALİYYƏŞDİRİLMƏSİNƏ QARŞI MÜBARİZƏ (TM)

1.1. Milli institusional və hüquqi baza

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə vahid qanunvericiliyin və nəzarətin implimentasiya edilməsinə, həmçinin dövlət orqanları arasında əlaqələrin qurulmasına cavabdehlik daşıyan Azərbaycanda milli idarəedici və baş tənzimləyici qurum Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətidir (2018-ci ilin May ayında yaradılan və dövlət büdcəsi tərəfindən maliyyələşdirilən publik hüquqi şəxs).

PL və TM tənzimləyən Milli Hüquqi Baza özündə aşağıdakıları ehtiva edir:

  • Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;
  • “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi” Qaydası;
  • “Banklar haqqında” Qanun;
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunan “Bank Əməliyyatlarının Aparılması” Qaydaları və Təlimatları;
  • Aşağıdakı qurumların qaydaları:
    • Maliyyə Monitorinqi Xidməti
    • Korrupsiaya qarşı Baş Mübarizə İdarəsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu və s.

Çirkli pulların yuyulması qanunsuz vəsaitlərin qanuniləşdirməyə çalışılması deməkdir. Cinayətkarların cinayət fəaliyyətindən əldə etdikləri gəlirlərin əsl mənşəyini və sahibliyini gizlətməyə və əldə etdikləri gəlirləri qanuni məqsədlər üçün iqtisadiyyata inteqrasiya etməyə (yenidən daxil etməyə) çalışdıqları bir prosesdir. Bir qayda olaraq, çirkli pulların yuyulması üç mərhələli prosesdir:

  1. Yerləşdirmə - Qanunsuz fəaliyyətdən əldə edilmiş pul vəsaitlərinin fiziki olaraq yerinin dəyişdirilməsi.
  2. Şaxələndirmə – Qatbaqat maliyyə əməliyyatları vasitəsilə qanunsuz mənbədən cinayət yolu ilə əldə edilmiş gəlirlərin ayrılması.
  3. İnteqrasiya - “Çirkli pul” “təmiz” kimi görünənə kimi əlavə əməliyyatlar vasitəsilə qanunsuz vəsaitlərlə aparılan əmliyyatların nəticəsində varlanma.

Bu Siyasətin məqsədləri üçün çirkli pulların yuyulması (lakin bununla məhdudlaşmayaraq) aşağıdakıları ehtiva etməlidir:

  1. Cinayət yolu ilə və ya belə fəaliyyətdə iştirak etməklə əldə edildiyini bilə-bilə əmlakın əldə edilməsinin qeyri-qanuni mənbəyini gizlətmək və ört-basdır etmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə əmlakın konversiyası və ya köçürülməsi.
  2. Cinayət yolu ilə və ya belə fəaliyyətdə iştirak etməklə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsidir.
  3. Qəbul edilən zaman cinayət yolu ilə və ya belə fəaliyyətdə iştirak etməklə əldə edildiyini bilə-bilə əmlakın əldə edilməsi, ona sahiblik və istifadə edilməsi.
  4. Yuxarıdakı (a), (b) və (c) bəndlərində göstərilən hərəkətlərdən hər hansının törədilməsində iştirak üçün birləşmə, törətməyə cəhd və kömək edilməsi, təşviq edilməsi, törədilməsinə iştirak edilməsi və məsləhət verilməsi.

Çirkli pulların tərsinə yuyulması qanunsuz məqsədlər üçün istifadəsi nəzərdə tutulan pulların qanuni mənbəsinin gizlədilməsi prosesidir. Bu, əsasən, terrorçuluğun maliyyələşdirilməsi üçün istifadə olunur, lakin eyni zamanda, qanuni biznesə investisiya edən və rəsmi dövriyyədən qanuni vəsaitlərini çıxartmaq istəyən cinayətkar təşkilatlar tərəfindən də istfadə oluna bilər. Maliyyə əməliyyatlarının gizlədilməsi yolu ilə nəzərdə tutulmayan əldə edilmiş nağd pul vəsaitləri rəsmi maliyyə hesabatlarına daxil edilmirlər və vergilərdən yayınmaq, rüşvət vermək habelə “masaaltı” əmək haqlarının ödənilməsi məqsədilə istifadə oluna bilərlər.

Terrorçuluğun maliyyələşdirilməsi dedikdə, birbaşa və ya dolayı yolla, tam və yaxud hissəvi şəkildə hər hansı terror aktının həyata keçirilməsi üçün istifadə etmək niyyəti ilə və ya istifadə edilməsinə dair məlumatların aid edildiyi vəsaitlərin hər hansı bir yolla təmin edilməsi və yaxud toplanması başa düşülür.

1.2. Ekvita-nın PL və TM Siyasəti

 

1.2.1. Müştərilərin qəbulu

Potensial yeni müştəri qəbul edilərkən Ekvita heyəti aşağıdakıların icrasını təmin etməlidir:

  • Ən azı media institutları, beynəlxalq tənzimləyicilər və hüquq-mühafizə orqanları (əgər mümkündürsə) kimi müxtəlif dövlət və şəxsi mənbələrdən məlumatların toplanması, tədbirlərin yoxlanması və ətraflı identifikasiya üçün səy göstərilməsi daxil olmaqla Müştərinin ilkin yoxlanılması;
  • Yekun benefisiarlar, payçılar, səlahiyyətli şəxslər, yerləşmə və bank hesablarının növü, vəsaitlərin mənbəsi, bank əmliyyatlarının növü və / və ya iştirak etdiyi layihələr daxil olmaqla, lakin bunla məhdudlaşmayaraq Müştərinin hüquqi yoxlaması; habelə
  • Risk qiymətləndirilməsi ilə “müştərinin risk profili”nin (aşağı, orta, yuxarı) yaradılması.

1.2.2. Mövcud Müştərilərin Monitorinqi

Ekvita heyəti mövcud müştərilərin günlük olaraq PL və TM monitorinqinin keçirilməsini təmin etməlidir. Monitorinqə bununla məhdudlaşmayaraq, aşağıdakılar daxildir:

  • Standart müştəri hədlərini (və ya qanunla müəyyən olunmuş hədləri) aşan əməliyyatlar
  • Şübhəli tərəflərlə və / və ya yurisdiksiyalarla əlaqəli əməliyyatlar;
  • Müştərinin hüquqi statusunda dəyişikliklər (birləşmə, satın alınma, səhmlərin köçürülməsi, iflas və ya müflisləşmə, ləğvetmə və s.)
  • Aidiyyatı qanunvericiliklə və məxfilik razılaşması ilə yol verilən hədlərdə yazışmaların qeydiyyatı və işçilərə nəzarət edilməsi;
  • Yeni PL və TM monitorinqinin tələblərinə müvafiq normativ aktlarda edilmiş yeniliklərin (və ya dəyişikliklərin) uyğunlaşdırılması;
  • Bazar tendesiyalarının və çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üçün yeni metodların və kanalların istifadə edilməsini mümkün edən yeni maliyyə vasitələrinin meydana çıxması və s.

BEYNƏLXALQ TİCARƏT MƏHDUDLAŞDIRMALARI, İXRACA NƏZARƏTLƏR VƏ BOYKOT ƏLEYHİNƏ QANUNLAR

Şirkətimiz tətbiq olunan ticarət məhdudiyyətləri, ixrac nəzarəti və boykot əleyhinə qanunlar daxil olmaqla, işlədiyi bütün yurisdiksiyalarda tətbiq olunan qanunlarla uyğunlaşır.

Bəzi müştəriləmiz və tərəfdaşlarımız, Böyük Britaniyada, ABŞ-da və AB-də əhəmiyyətli biznes maraqlara sahib ola bilər və buna görə də onlar sərt ticarət məhdudiyyətlərinə məruz qala bilərlər. Onların tənzimlənmələrə uyğunluq tələblərini Azərbaycan Respublikasının Konstitusiyası daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, Azərbaycan qanunvericiliyinin imperativ normalarına zidd olmayan dərəcədə nəzərə almağa çalışacağıq.

Ticarət məhdudiyyətinin bizim biznesə tətbiq olunduğundan və ya müəyyən bir ixrac və ya idxal lisenziyası və ya icazə almağımıza ehtiyacımız olub-olmadığından əmin deyiliksə, hüquq mütəxəssisindən məsləhət alacağıq.

 

MÜASİR KÖLƏLİK

Müasir köləlik dedikdə şəxsin təhdid, zorakılıq, məcburiyyət, aldatma, gücdən sui-istifadə səbəbindən imtina və ya tərk edə bilməyəcəyi  istismar halları başa düşülür.

Müasir köləliyin qarşısını almaq üçün fəaliyyətimiz

Şirkət insan hüquq və azadlıqlarına böyük hörmətlə yanaşır və Şirkətin hər bir vəzifəli şəxsindən, işçisindən, Şirkət adından fəaliyyət göstərən üçüncü şəxslərdən və Şirkətlə işgüzar münasibətləri olan hər hansı bir tərəfdən də bunu gözləyir. Biz insan ləyaqətinə xələl gətirən davranışlara, o cümlədən müasir dövrdə köləliyə, insan alverinə və ya qeyri-insani iş şəraitinə dözməyəcək və bu davranışa səbəb olan, həmçinin belə davranışın qarşısını ala bilməyən hər hansı bir tərəflə iş münasibətlərini dərhal dayandıracaq eyni zamanda, bu cür pozuntuları müvafiq orqanlara bildirəcəyik.

Aşağıdakılarla müasir köləliyin qarşısının alınmasında proaktiv yanaşma tətbiq edirik:

  • Məcburi əməyin və ya məcburi əmək nəticəsində istehsal olunan məhsulların təsadüfi istifadəsinin qarşısını almaq üçün tədarük zəncirlərində lazımi araşdırma və risk qiymətləndirməsinin aparılması;
  • Miqrant işçilərin işlərini və şəxsiyyətlərini təsdiq edən sənədlərini saxlaya bilmələri üçün işçilərdən haqq alınmasını qadağan etməklə, etik qaydada işə götürülməsini təmin etmək.

Müasir köləliyə zəif cavab reytinqi olan yurisdiksiyalarla iş münasibətlərinə xüsusi diqqət yetirilməlidir.


QEYDLƏRİN APARILMASI

Biz üçüncü şəxslərə edilmiş ödənişlərin əsaslandırılmasını sənədləşdirmək üçün lazımi qeydlər edəcəyik və müvafiq daxili nəzarət sistemini yaradacağıq. Müştərilər, təchizatçılar və biznes partnyorları kimi üçüncü şəxslər də daxil olmaqla, lakin bununla məhdulaşmayaraq, onlarla baş tutan əməliyyatlarla bağlı yaranan hesablar, hesab-fakturalar, memorandumlar, digər sənədlər və qeydlər dəqiq və tam şəkildə hazırlanmalı və saxlanılmalı, həmçinin tam şəffaf olmalıdır.

 

MƏSULİYYƏTİNİZ

Bu Siyasəti oxuduğunuzdan, başa düşdüyünüzdən və ona əməl etdiyinizdən əmin olmalısınız.

Rüşvətin və korrupsiyanın digər formalarının qarşısının alınması, müəyyən olunması və məlumat verilməsi bizimləvə ya bizim nəzarətimiz altında işləyən hər kəsin məsuliyyətidir. Hər kəs bu Siyasətin pozulmasına yol açan və ya səbəb olan fəaliyyətdən çəkinməlidir. Bizim bu Siyasəti pozan hər hansı işçi ilə və ya üçüncü şəxslərlə münasibətlərimizə xitam vermək hüququmuz var.

Bu siyasətlə ziddiyyət yarandığına, yaxud gələcəkdə yarana biləcəyinə inanırsınızsa və ya şübhə edirsinizsə, Komplayens Funksiyasına bu barədə mümkün ən qısa zamanda məlumat verməlisiniz. Rüşvət və Korrupsiyanı göstərən mümkün “Risk Faktorlar”ı üçün zəhmət olmazsa, aşağıdakı Əlavəyə nəzər yetirin.

 

AÇIQLANMALARIN QORUNMASI

Rüşvət verməkdən və ya qəbul etməkdən imtina edən işçilər və ya belə hallar üzrə narahatlıqlarını ifadə edən, yaxud digərlərinin yanlış əməlləri barədə məlumat verən işçilər bəzən baş verə biləcək nəticələr barədə narahat olurlar. Bizim məqsədimiz açıqlığı təşviq etmək və hətta səhv olduqları təqdirdə belə, bu Siyasət çərçivəsində rüşvət hallarını əsaslı olaraq, xoş niyyətlə gündəmə gətirmək istəyənləri dəstəkləməkdir.

Əgər siz nə vaxtsa bizim Siyasətimizin əməl olunmadığı barədə narahatlıq hiss etsəniz və ya sadəcə hər hansı bir hal haqqında tərəddüd hissi keçirsəniz, sizin bu barədə danışmağınız, sual verməyiniz və ya öz naratlığınızı dərhal paylaşmağınız çox vacibdir. Xahiş edirik ki, zəng və ya elektron məktublarınızı birbaşa və ya Komplayens qaynar xətti olan http://ekvita.com/contact/ və ya compliance@ekvita.com vasitəsi ilə müstəqil qaydada çalışan və sizin sorğularınızı araşdırmaq səlahiyyəti olan Ekvitanın Komplayens Funksiyasına ünvanlayasınız.

Ekvitanın rəhbərliyi və Komplayens Funksiyası onlara məlumat verənlərin bu Siyasətdən xəbərdar  olmasını və onu başa düşməsini, həmçinin müvafiq müntəzəm təlim keçməsinii təmin etmək üçün məsuliyyət daşıyır.

SİYASƏTƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ

Rüşvət əleyhinə idarəetmə sisteminin davamlı inkişaf etdirilməsinə dair öhdəliklərimizin bir hissəsi kimi, Ekvita bu proseduru istənilən vaxt və yalnız öz mülahizəsinə uyğun olaraq birtərəfli qaydada  dəyişdirə bilər. İşçilər bu kimi dəyişikliklər barədə məlumatlandırılacaqlar. Siyasətimiz hər il nəzərdən keçirilir və hər hansı bir dəyişiklik olduğu halda bütün tərəflərə məlumat veriləcək.

EKVİTA Davranış Kodeksi PDF