"İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARI" NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA QƏRARA DƏYİŞİKLİKLƏR

“İşçilərin Ezamiyyə Qaydaları”nın təsdiq edilməsi haqqında Qərara Dəyişikliklər

 Ezamiyyə qaydalarına edilmiş 27 sentyabr 2024 tarixli dəyişikliklər barədə qısa xülasəni diqqətinizə çatdırırıq.

 İşçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) iş günü hesab edilməyən günlər (misal üçün istirahət, səsvermə və s.) olduqda həmin günlərdə işləmiş işçiyə əməkhaqqı və ya əməkhaqqı əvəzinə istirahət günü (günləri) verilir.

Respublika ərazisi daxilində ezamiyyələr zamanı:

  • Ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70% mehmanxana xərcləri, 25% gündəlik yemək xərcləri, 5% şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir.
  • Dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5%-i qədər vəsait ödənilir.
  • Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 30%-i qədər vəsait ödənilir.
  • Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 75%-i qədər vəsait ödənilir.

Ölkədən kənar ezamiyyələr zamanı:

  • Ezamiyyə xərclərinin 1 günlük normasının 60% mehmanxana xərcləri, 35% gündəlik yemək xərcləri, 5% şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir.
  • Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40% həcmində vəsait ödənilir.
  • Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 65 % həcmində vəsait ödənilir.
  • Dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5% həcmində vəsait ödənilir.
  • Dəvət edən tərəf işçiyə yaşayış yeri xərcini və gündəlik xərcləri (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər) ödədiyi halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasından az olarsa həmin fərq işçiyə ödənilir.
  • Dəvət edən tərəf işçini yeməklə təmin edərək yalnız yaşayış yeri xərci üçün vəsait ödədiyi halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 60% az olarsa, həmin fərq və ezamiyyə xərclərinin 1 günlük normasının 5% həcmində vəsait işçiyə ödənilir.
  • Dəvət edən tərəf işçini yaşayış yeri ilə təmin edərək yalnız yemək xərci üçün vəsait ödədiyi halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 35% az olarsa həmin fərq və ezamiyyə xərclərinin 1 günlük normasının 5% həcmində vəsait işçiyə ödənilir.
24 Okt, 2024