Publications
Korporativ Sosial Məsuliyyət (KSM) vasitəsilə dəyər yaratmağın əhəmiyyəti
Korporativ Sosial Məsuliyyət mənasını verən KSM termini, təşkilatların öz korporativ mədəniyyəti, cəmiyyəti və ətraf mühiti daxilində davamlılığı qorumaq məqsədi ilə həyata keçirdiyi strategiyalardan bəhs edir. Bu, şirkətlərin sosial, iqtisadi və ətraf mühitdən cavabdeh olduqlarını özündə əks etdirən bütün təcrübələri əhatə edir. Sosial və ekoloji problemlərin miqyası görünməmiş bir səviyyəyə qalxdığı zamanda, istehlakçılar, işçilər və investorlar daxil olmaqla bütün maraqlı tərəflər istifadə etdikləri məhsul və markalara daha şüurlu yanaşır və bu, müəssisələri ətraf mühitə qarşı daha məsuliyyətli yanaşmağa təşviq edir. Cone Communications-ın apardığı araşdırmaya görə, gənc mütəxəssislərin 60%-dən çoxu KSM fəaliyyətinin az və ya heç olmadığı şirkətlərdən iş təkliflərini qəbul etməyəcəklərini, eyni zamanda Z generasiyasının 90%-dən çoxu təşkilatlardakı sosial fəaliyyətlərin onların şirkətə qarşı olan münasibətində çox böyük rol oynadığını qeyd edirlər. Beləliklə, KSM tətbiqləri yalnız sosial rifaha töhfə verməklə kifayətlənmir, həmçinin şirkətin imicini yüksəldərək onun rəqabətdə ön planda olmasına gətirib çıxardır.
EKVİTA, uzun müddətdir ki davamlılıq və icma əlaqəsi anlayışını öz korporativ dəyərinə çevirərək, sosial məsuliyyət layihələrində öz töhfəsini verməyə davam etməkdədir. Şirkət biznes əməliyyatları ilə əlaqəli məsuliyyəti dərk edərək, davamlı olmayan təcrübələrlə mübarizə üçün bir neçə strategiya həyata keçirtmişdir. Korporativ sosial davranışı qiymətləndirməyin əsas meyarlarından biri ətraf mühitin mühafizəsidir və bu da şirkətlərin ətraf mühitə mənfi təsirlərini azaltmaq üçün atdığı addımları ehtiva edir. EKVİTA-nın KSM təşəbbüslərindən danışarkən həm daxili, həm də xarici amillər nəzərə alınmışdır.
Hər gün okeanlarımıza təxminən 8 milyon plastik tullantının atıldığı və ildə 381 milyon ton plastik məhsulun istehsal edildiyi bir zamanda, təşkilatlarda gündəlik tətbiq olunan dəyişikliklər ətraf mühitə olan təsirləri minimuma endirə bilər. EKVİTA olaraq plastik su qabları əvəzinə filtrasiya avadanlığı kimi alternativlərə üstünlük veririk.
2018-ci ildə tullantıların ən böyük hissəsi kağız materiallardan idi ki, bu da müvafiq tədbirlərin görülməsi zərurətini yaratdı. Ətraf mühitin qorunması təşəbbüsləri sayəsində, kağız çapını çox istehlak edən təşkilatlar üçün kağızların yenidən istifadəsi imkanları yaranmışdır.
Bilməyərəkdən israf olunmuş enerjinin qarşısını almaq üçün təşkilatlar avtomatik enerjiyə qənaət sistemlərindən istifadə edə bilərlər. Əlavə olaraq, EKVİTA işçilərinin rifahı və rahatlığı ön planda tutduğu üçün “yaşıllıq” konsepsiyasını ofis şəraitinə tətbiq etmişdir. Elmi olaraq sübut edilmişdir ki, bitkilər ətrafdakı stresi azaldır və işçilərin məhsuldarlığını 20 % artırır.

Pandemiya, təbii fəlakətlər və s.kimi ictimai böhranlar zamanı cəmiyyətin rifahını qaldırmaq məqsədilə KSM-də iştirak etməyin əhəmiyyəti artıq hərkəsə məlumdur. COVID-19 pandemiyası bütün dünya iqtisadiyyatını iflic etdiyi bir dönəmdə, birlik olmaq çox önəmli faktordur. Dünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Dr. Tedros Adhanom Ghebreyesusun da dediyi kimi “Bu yalnız bir ictimai səhiyyə böhranı deyil; hər sektora təsir edəcək bir böhrandır. Beləliklə, hər bir sektor və hər bir şəxs bu mübarizədə iştirak etməlidir ”. EKVİTA, işçilərini əl üçün dezinfeksiya vasitələri, birdəfəlik istifadə olunan maskalar və sanitariya əlcəkləri ilə təmin etməklə yanaşı, birbaşa Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edən şirkətlərdən biri idi.
44 günlük Qarabağ müharibəsi ölkənin iqtisadi və sosial vəziyyətinin həssaslaşmasına gətirib çıxardı. Bu dövrdə EKVİTA xalqa istər mənəvi, istərsə də maddi töhfəsini əsirgəmədi, və bu istiqamətdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etdi.
KSM təşəbbüsləri yalnız yuxarıda qeyd olunanlarla və təşkilatların adətən yerinə yetirdiyi strategiyalar ilə məhdudlaşmır. Şirkətlər öz icmalarında həyata keçirilən sosial layihələrə qoşulmaqla və ya yeni bir layihə icra etməklə özlərini rəqabətdə fərqləndirə bilərlər. Bu yaxınlarda EKVİTA, qaçqın və məcburi köçkünlər bölgəsində yaşayan uşaqların təhsilinə töhfə verən “Hər uşaq üçün bir kitab” sosial layihəsinə ən çox ianə edən tərəf oldu. Bununla yanaşı, uşaqlara dəstəyi ön planda tutmaq şirkətin KSM dəyərləri üçün hər zaman vacib olmuşdur və şirkət əməkdaşları ilə birgə uşaq evlərini dəfələrlə ziyarət etmiş və yardım göstərmişdir.
Gənclərə dəstək məqsədilə EKVİTA, son 3 ildə 50-dən çox insanın sənaye təcrübəsi qazandığı onlarla təcrübə proqramı keçirtmiş və ADA Employability Week, ELSA və s. kimi bir çox layihələrə fəal şəkildə qoşulmuşdur.
EKVİTA təşəbbüslərin sayını daha da artırmaq üçün, prinsiplərini bütün sənaye ekosisteminə yaymaq məqsədilə geniş və müxtəlif KSM proqramları ilə sosial təsirlərini artırmağa davam edəcəkdir.
Müəllif: Nərgiz Yaqublu