Xəbərlər
Riskli vergi ödəyicisinin və riskli əməliyyatların meyarları
28 iyul 2020-ci il tarixində Nazirlər Kabineti “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”haqqında 265 nömrəli qərar qəbul etmişdir.
Bu qərar Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin tətbiqinə aiddir. Bununla bağlı aşağıdakı xülasəni nəzərinizə çatdırırıq.
Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur:
- vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;
- vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunacaqdır:
- yuxarıdakı meyarlarda nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda;
- vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə;
- şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (bəzi istisnalarlarla);
- vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə uyğun olmayan malların (ofis ləvazimatları, inventar və sair istisna olmaqla) sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə;
- vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (mövsümülük habelə müqavilədə başqa müddətlər nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda;
- riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs;
- riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs;
- beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.
30 İyl, 2020