Vergi Xəbərləri

Koronavirus pandemiyasının (COVID-19) yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejiminin tətbiq edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər haqqında Azərbaycan Respublikası Qanunu 2 iyun 2020-ci il tarixində Milli Məclis tərəfindən təsdiq edilmişdir.

Bu dəyişikliklərin qısa xülasəsini nəzərinizə çatdırırıq.

 - Müvəqqəti vergi rejimi aşağıdakı fəaliyyət növləri ilə məşğul olan şəxslərə şamil edilir:

  • turoperator və turagent fəaliyyəti;
  • ictimai iaşə fəaliyyəti;
  • avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;
  • mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;
  • sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;
  • sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
  • digər müxtəlif sahələr (misal üçün idman-sağlamlıq obyektlərinin fəaliyyəti, hazırlıq (tədris) və ixtisasartırma kurslarının və sair).

 - Hesabatların verilməsi və vergilərin ödənilməsi müddətləri aşağıdakı kimi müəyyən edilmişdir:

  • 2019-cu il üzrə mənfəət (gəlir) və əmlak vergisi üzrə hesablanmış vergini cari ilin sentyabrın 1-dən gec olmayaraq ödənilməlidir;
  • Mikro sahibkarlıq subyektləri 2020-ci ilin birinci və ikinci rübləri üzrə sadələşdirilmiş, cari və əmlak vergisi bəyannaməsi cari ilin sentyabrın 1-dək vergi orqanına təqdim edir və hesablanmış vergini cari ilin sentyabrın 1-dən gec olmayaraq ödəyirlər.

- Müvəqqəti vergi rejimi tətbiq edilən şəxslərə əsasən aşağıdakı güzəşt və azadolmalar tətbiq edilir:

  • əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azad olunur;
  • əldə edilən mənfəətin (gəlirin) 75 faizi (yəni effektiv olaraq 5% mənfəət vergisi) azad olunur;
  • avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti həyata keçirən şəxslərə sadələşdirilmiş vergi məbləği 50 faiz azaldılır;
  • ictimai iaşə fəaliyyəti həyata keçirən şəxslərə sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz azaldılır;
  • fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır (14% əvəzinə 7% vergi tutulacaq).

- Faizlərin hesablanması 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək dayandırılır.

- Bu dəyişikliklər 2020-ci il yanvarın 1-dən bir il müddətində qüvvədə olacaq.

05 İyn, 2020