Xəbərlər
Xəbərlər, İyul
Hüquqi akt: “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 1265 nömrəli Sərəncam (“Sərəncam”)
Qəbul edən orqan: Prezident
Qəbul edilmə tarixi: 18 iyun 2019-cu il
Qüvvəyə minmə tarixi: 19 iyun 2019-cu il
Sərəncama əsasən, 2019-cu il sentyabrın 1-dən etibarən minimum aylıq əməkhaqqı 180 manatdan artırılaraq 250 manat təşkil edəcək.
Hüquqi akt: “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 1209 nömrəli Sərəncam (“Sərəncam”)
Qəbul edən orqan: Prezident
Qəbul edilmə tarixi: 29 may 2019-cu il
Qüvvəyə minmə tarixi: 30 may 2019-cu il
Sərəncama əsasən, Azərbaycan Respublikasının Energetika Nazirliyinə aşağıdakılar tapşırılır:
- “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması;
- elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflərin hazırlanması;
- ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması, həmçinin bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi məqsədi ilə bu sahələrə özəl investisiyaların cəlb edilməsi barədə təkliflərin hazırlanması.
Bundan əlavə, AR Nazirlər Kabinətinə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Azərbaycan Respublikası qanunlarının layihələrinin, habelə “Energetika haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunlarının yeni layihələrinin hazırlanması həvalə edilir.
Hüquqi akt: “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 724 nömrəli Fərman (“Fərman”)
Qəbul edən orqan: Prezident
Qəbul edilmə tarixi: 11 iyun 2019-cu il
Qüvvəyə minmə tarixi: 12 iyun 2019-cu il
Fərmana əsasən, “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı” yeni redaksiyada təsdiq edilmişdir.
Həmin ölkə və ərazilərin siyahısı aşağıdakı kimidir: Andorra, Anqila, Antiqua və Barbuda, Aruba, Baham adaları, Barbados, Beliz, Bermud, Britaniya Vircin adaları, Cersi, Cəbəlüttariq, Dominika, Fici, Honq-Konq (ÇXR), Kabo Verde, Kayman adaları, Kuk adaları, Qrenada, Liberiya, Lixtenşteyn, Maldiv adaları, Marşal adaları, Monako, Montserrat, Niue, Palau, Panama, Samoa, Sent Lusiya, Sent Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Tailand, Tayvan (ÇXR), Törks və Kaykos adaları, Trinidad və Tobaqo, Vanuatu, Vircin adaları (ABŞ).
Hüquqi akt: “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 759 nömrəli Fərman (“Fərman”)
Qəbul edən orqan: Prezident
Qəbul edilmə tarixi: 27 iyun 2019-cu il
Qüvvəyə minmə tarixi: 28 iyun 2019-cu il
Fərmana əsasən:
- “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiq edilir (2020-ci ilin yanvarın 1-dən qüvvəyə minir) ;
- bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilir (2020-ci ilin yanvarın 1-dən qüvvəyə minir);
- Kənd Təsərrüfatı Nazirliyinə “Subsidiya” informasiya sisteminin yaradılması və subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsinin təmin edilməsi tapşırılır.
Hüquqi akt: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 1603-VQD nömrəli Qanun (“Qanun”)
Qəbul edən orqan: Milli Məclis
Qəbul edilmə tarixi: 30 may 2019-cu il
Qüvvəyə minmə tarixi: 20 iyun 2019-cu il
Dəyişikliyə əsasən, 2021-ci il yanvarın 1-dək aparıla bilən yoxlamalar siyahısına, həmçinin, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar da aid edilmişdir, baxmayaraq ki, həmin müddətədək Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılmışdır.
Hüquqi akt: “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 1588-VQD nömrəli Qanun (“Qanun”)
Qəbul edən orqan: Milli Məclis
Qəbul edilmə tarixi: 17 may 2019-cu il
Qüvvəyə minmə tarixi: 05 iyun 2019-cu il
Dəyişikliklərə əsasən, Mülki Məcəllənin “Yük daşınması” fəsli üzrə “yük daşınması müqaviləsi”, eləcə də “yük göndərən” anlayışları dəqiqləşdirmiş və “yük alan” və “daşıyıcı” kimi anlayışlar əlavə edilmişdir. Belə ki, yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı isə müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.
Bundan əlavə, ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti müəyyən edilmişdir: iddia qaldırmaq hüququ yarandığı andan bir il. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl isə ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.
Hüquqi akt: “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 1583-VQD nömrəli Qanun (“Qanun”)
Qəbul edən orqan: Milli Məclis
Qəbul edilmə tarixi: 03 may 2019-cu il
Qüvvəyə minmə tarixi: 20 iyun 2019-cu il
Qeyd olunan Qanunla, İnzibati Xətalar Məcəlləsinin mühasibat uçotu qanunvericiliyin pozulmasına görə müəyyən edilmiş inzibati sanksiyalarında dəyişikliklər edilmişdir.
Belə ki, dəyişikliklərə əsasən, aşağıdakı pozuntu hallarında vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə ediləcək:
- “Mühasibat uçotu haqqında” AR Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması məqsədi ilə mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmənin yaradılmamasına və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə, mühasibat uçotu xidmətinin göstərilməsinin təşkil edilməməsinə görə;
- Qanunvericiliklə nəzərdə tutulmuş müvafiq mühasibat uçotu subyektlərinin (“Mühasibat uçotu haqqında” AR Qanunu 3.4-cü maddəsi) rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə.
Hüquqi akt: Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında 1578-VQD nömrəli Qanun (“Qanun”)
Qəbul edən orqan: Milli Məclis
Qəbul edilmə tarixi: 30 may 2019-cu il
Qüvvəyə minmə tarixi: 20 iyun 2019-cu il
Dəyişikliklərə əsasən, su obyektlərindən və meşə fondundan istifadə, onların mühafizəsi ilə bağlı hazırlanan dövlət proqram layihələri dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” AR Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir. Həmçinin, torpaq ehtiyatlarının istifadəsi üzrə strateji sənədlərin layihələrinin də strateji ekoloji qiymətləndirilməsi (SEQ) aparılmalıdır.
Suların, eləcə də meşələrin vəziyyətinə təsir edən tikinti layihələrinin isə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" AR Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənəd də dövlət ekoloji ekspertizadan keçirilir.
Müvafiq qaydada AR Şəhərsalma və Tikinti Məcəlləsinə də edilmiş dəyişikliyə əsasən, ərazi planlaşdırılması sənədlərinin strateji və ya dəqiq layihələndirilməsindən asılı olaraq “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” AR Qanununda nəzərdə tutulmuş qaydada həmin sənədlərə dair strateji ekoloji qiymətləndirilmə (SEQ) və ya ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası aparılır.