Xəbərlər
Vergi və Əlaqəli Qanunvericiklərə Dəyişikliklər
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklərdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilmişdir.
Əsas dəyişikliklər barədə qısa xülasəni diqqətinizə çatdırırıq.
- Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısında güzəşt hüququ alan şəxslərin təsnifatı ilə bağlı əlavələr edilmişdir.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 may tarixli 85 nömrəli Qərarında avtomobillərlə yanaşı avtobuslara, motosikletlərə də aksiz dərəcəsi həmin vasitələrin mühərrikinin həcminin hər kub santimetrinə görə - 0 manat müəyyən edilmişdir.
- Alınmış avans ödənişləri barədə elektron qaimə-fakturanın; malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturanın; və agent (komisyonçu) tərəfindən malların (işlərin və xidmətlərin) alıcısına (subagentə) təqdim edilən elektron qaimə-fakturanın formaları təsdiq edilmişdir.
- “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ləğv edilib.
Bildiyiniz kimi Vergi Məcəlləsinə edilmiş son dəyişiklərə əsasən yeni 67.3-1-ci maddəsi əlavə edilmişdir. Bu maddəyə əsasən vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda, vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır.
Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları təsdiq edilmişdir (Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli 365 nömrəli Qərarı)
Bu Qaydalar Vergi Məcəlləsinin 15.1.15-4-cü maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisi tərəfindən malları (işləri, xidmətləri) ona təqdim edən digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsinin qaydasını müəyyən edir.
Vergi ödəyicilərinin sorğusu üzrə vergi orqanı kontragentin aşağıdakı məlumatları təqdim edilə bilər:
- qeydiyyat tarixi;
- təsərrüfat subyektləri (obyektləri) barədə məlumat (təsərrüfat subyektlərinin (obyektlərin) adı, aktivlik statusu, sahəsi və uçot kodu);
- əsas və əlavə fəaliyyət növləri;
- riskli vergi ödəyicisi olub-olmaması;
- vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları üzrə vaxtı keçmiş öhdəlikləri, o cümlədən faizlər və maliyyə sanksiyaları üzrə borclar;
- dövriyyə məlumatları (3 ildən çox olmayaraq sorğu edilən dövr üzrə);
- son 24 ay üzrə həyata keçirilmiş idxal və ixrac əməliyyatlarının dəyəri;
- cari tarixə muzdlu işçilərin sayı və bəyan edilmiş orta aylıq əməkhaqqı məbləği;
Məlumatlar məlumatları açıqlanan kontragent tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə 2 (iki) iş günü müddətində təsdiq edilir. 3 (üç) iş günü müddətində kontragent tərəfindən sorğu təsdiqlənmədiyi halda həmin sorğu ləğv olunur.