Xəbərlər
AZƏRBAYCAN RESPUBLİKASI VERGİ MƏCƏLLƏSİNDƏ DƏYİŞİKLİKLƏR

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli, 1033-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmişdir (28 dekabr 2023-cü il tarixində dərc edilmişdir).
Növbəti il üçün Vergi Məcəlləsində xüsusilə maliyyə və kapital bazarı, səhiyyə, kənd təsərrüfatı, turizm, nəqliyyat sahələrini və digər ümumi məsələləri əhatə edən dəyişikliklər öz əksini tapmışdır. Mühüm dəyişiklikləri sizin də nəzərinizə çatdırırıq.
- Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində tutulan verginin dərəcəsi 5%-ə endiriləcək;
- ƏDV depozit hesabına pul vəsaitinin daxil olması vaxtı da ƏDV tutulan əməliyyatın vaxtı kimi müəyyən ediləcək;
- ƏDV məqsədləri üçün alınmış avans məbləğinə görə xüsusi elektron qaimə-faktura təqdim ediləcək;
- Müəyyən malların vergi ödəyicisi olmayan fiziki şəxslərdən alış aktı və ya kassa (NKA) çeki əsasında alınması üzrə xərclər gəlirlərinin və xərclərinin (ən yüksəyinin) 2% həddində gəlirdən çıxıla biləcək;
- İcarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən (yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən) xərclər bağlanmış müqavilə müddəti ərzində (lakin 5 ildən az olmayaraq), illər üzrə mütənasib məbləğlərdə amortizasiya olunmaqla gəlirdən çıxılacaq;
- Yük avtomobillərinin təmiri ilə bağlı vergi məqsədləri üçün təmir xərci norması 8%-dək artırılacaq;
- Kredit təşkilatlarının ödənilməyən borclar müqabilində balansa götürdüyü girov əmlak və torpaqlar balansa götürüldükdən 2 il müddətində müvafiq olaraq əmlak və torpaq vergilərindən azad ediləcəklər;
- Müflis elan olunmuş banklar vergitutma məqsədləri üçün (Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək) xüsusi ehtiyatları yaratmaqla gəlirdən çıxmaq hüququna malik olacaqlar;
- 2024-cü ildə müddəti bitən kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin vaxtı daha 3 il müddətinə uzadılacaq;
- Müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara və sair sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən məbləğin mənfəət vergisindən azad edilən hissəsi 15% müəyyən edilmişdir;
- Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə yük daşımalarını həyata keçirən (12 ay ərzində dövriyyəsi AZN 200 mindən çox olan) şəxslər artıq sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər;
- Riskli vergi ödəyicilərinin müəyyən edilməsi üçün mövcud əsaslar azaldılacaq və vergi ödəyicilərinin riskli vergi ödəyicilərinin siyahıdan çıxarılması qaydası və şərtləri müəyyən ediləcək;
- Nümayəndəlik, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli və sair işlərdə çalışan işçilərə verilən müəyyən məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması AR Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən həyata keçiriləcək;
- Lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı üzrə ƏDV-dən azadolma yalnız təsdiq edilən siyahıya əsasən müəyyən ediləcək;
- Kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri abunəçilər üzrə vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları vergi orqanına təqdim etməli olacaqlar;
- Vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək;
- Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50% həcmində rentabellik nəzərə alınmaqla hesablanacaq;
- İştirak payı və ya səhmlərin təqdim edilməsi əməliyyatı ilə bağlı əldə olunan gəlirdən vergi hesablanarkən həmin gəlirin əldə olunması ilə bağlı çəkilən digər xərclər də çıxılacaq;
- Yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 AZN-dək olan hissəsi vergidən azad ediləcək;
- Yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi – 3 il müddətinə vergidən azad ediləcək;
- Mikrosahibkarlıq subyektlərinin vergiyə cəlb edilən gəlirinə (mənfəətinə) 75% azadolmanın tətbiqi üçün azı 3 nəfər işçi cəlb edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borcun olmaması tələbi tətbiq olunacaq və s.
29 Dek, 2023