2024-CÜ İL ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASININ VERGİ MƏCƏLLƏSİNƏ EDİLMƏSİ NƏZƏRDƏ TUTULAN BƏZİ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR

Hər il olduğu kimi, növbəti - 2024-cü il üçün də Vergi Məcəlləsində əlavə və dəyişikliklər nəzərdə tutulmuşdur. Dəyişikliklər xüsusilə maliyyə və kapital bazarı, səhiyyə, kənd təsərrüfatı, turizm, nəqliyyat sahələrini və digər ümumi məsələləri əhatə edir. Dəyişikliklər layihəsindən ən əhəmiyyətli olanları diqqətinizə çatdırırıq:

  1. ƏDV depozit hesabına pul vəsaitinin daxil olması vaxtı da ƏDV tutulan əməliyyatın vaxtı kimi müəyyən ediləcək;
  2. Riskli vergi ödəyicilərinin müəyyən edilməsi əsasları azaldılacaq, həmin siyahıdan çıxarılması qaydası və şərtləri müəyyən ediləcək;
  3. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində tutlan verginin dərəcəsi azaldılacaq (5%);
  4. 2024-cü ildə müddəti bitən kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin vaxtı daha 3 il müddətinə uzadılacaq;
  5. Nümayəndəlik, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli və sair işlərdə çalışan işçilərə verilən müəyyən məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması normaları müəyyən ediləcək;
  6. müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara və sair sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən məbləğin mənfəət vergisindən azad edilən hissəsi artırılacaq (15% çox olmamaqla);
  7. Kredit təşkilatlarının ödənilməyən borclar müqabilində balansa götürdüyü girov əmlak və torpaqlar balansa götürüldükdən 2 il müddətində müvafiq olaraq əmlak və torpaq vergilərindən azad ediləcəklər;
  8. Müflis elan olunmuş banklar vergitutma məqsədləri üçün (Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək) xüsusi ehtiyatları yaratmaqla gəlirdən çıxmaq hüququna malik olacaqlar;
  9. Müəyyən mallar (“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən mallar, daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla) vergi ödəyicisi olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların kassa (NKA) çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclər hər il üçün gəlirlərinin və xərclərinin (ən yüksəyinin) 2% həddində gəlirdən çıxıla biləcək;
  10. icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən (yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən) xərclər bağlanmış müqavilə müddəti ərzində, lakin 5 ildən az olmayaraq, illər üzrə mütənasib məbləğlərdə amortizasiya olunmaqla gəlirdən çıxılacaq;
  11. lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı üzrə ƏDV-dən azadolma yalnız təsdiq edilən siyahıya əsasən müəyyən ediləcək;
  12. mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə yük daşımalarını həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər;
  13. Yük avtomobillərinin təmiri ilə bağlı vergi məqsədləri üçün təmir xərci norması artırılacaq (8%-dək).

Bir daha qeyd etmək istəyirik ki, yuxarıda göstərilənlər yalnız layihədir və digər əlavə və düzəlişlər mümkündür.

25 Okt, 2023