2023-CÜ İL ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASININ VERGİ MƏCƏLLƏSİNƏ EDİLMƏSİ NƏZƏRDƏ TUTULAN BƏZİ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR

Əvvəlki buraxılışımızda qeyd etdiyimiz kimi Vergi Məcəlləsinə bir çox düzəliş və əlavələr nəzərdə tutulur. Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində nəzərdə tutulan bir sıra mühüm əlavə və dəyişiklikləri nəzərinizə çatdırırıq.

  • Güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə yerləşən qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətinin həmin qeyri-rezidentə köçürülməsi Azərbaycan mənbəyindən gəlirlərə aid edilməyəcək.
  • Vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda) vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçiriləcək.
  • Güzəştli vergi tutulan ölkə və ya ərazilərin müəyyən edilməsi meyarları daha da genişləndirilmişdir. Belə ki, növbəti ildən etibarən gözəştli vergi tutulan ölkə və ya ərazilər dedikdə, aşağıdakılar nəzərdə tutulacaq:
    • vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcənin 75 faizi və ya daha aşağı hissəsinə bərabər olan ölkələr və ya ərazilər və (və ya);
    • Azərbaycan Respublikası ilə beynəlxalq müqavilələr çərçivəsində müvafiq standartlara uyğun məlumat mübadiləsini aparmayan ölkələr və ya ərazilər və (və ya);
    • maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkələr və ya ərazilər.
  • Rezident bank təşkilatlarında hesab açılması üçün vergi orqanından şəhadətnamə-dublikat alınması tələbi aradan qaldırılacaq.
  • Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri ilə yanaşı “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyicələri də idxal ediləcək mallar barədə məlumatı verməkdən azad olunacaqlar.
  • Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlamasının keçirilmə müddəti 30 iş günündən 90 iş gününə artırılması nəzərdə tutulur.
  • İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalına görə ƏDV, işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri üzrə vergidən azad olunacaqlar (bəzi fəaliyyət növləri istisna edilməklə və azadolmaların tətbiqinə dair tələblər olmaqla).
  • Fiziki şəxslərin gəlir vergisi ilə bağlı xeyli güzəştlər nəzərdə tutulub. Bəzilərini nəzərinizə çatdırırıq:
    • Şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır
    • Kənt təsərrüfatı məhsullarının istehsalından (o cümlədən, sənaye üsulu ilə) alınan gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar
    • Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 1 il müddətinə
    • Beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyəri, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyəri 50,000 manatadək
    • Azərbaycan Resplublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən fərdi sahibkarların həmin fəaliyyətdən əldə etdiyi gəlirin 50 faizi - müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə
  • Vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində ƏDV məbləği ödənildiyi halda, heç bir məsuliyyətə (yəni sanksiyaya) səbəb olmayacaq.
  • Ödənilmiş ƏDV aşağıdakı qaydada geri qaytarılacaqdır:
    • nağdsız qaydada ödənişlər üzrə-17.5 %-i;
    • nağd qaydada ödənişlər üzrə - 5%-i;
    • işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə fiziki şəxs olan istehlakçılar tərəfindən nağdsız qaydada ödənildikdə - ödənilmiş ƏDV-nin 30 %-i və nağd qaydada ödənildikdə isə 5 %-i geri qaytarılacaq.
  • Daimi nümayəndəlik yaratmadan elektron ticarət qaydasında rezidentlərə işlər və xidmətlər təqdim edən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması mexanizmi nəzərdə tutulmuşdur. Müvafiq qaydalar müəyyən edildikdən sonra daimi nümayəndəlik yaratmadan elektron ticarət qaydasında rezidentlərə işlər və xidmətlər təqdim edən qeyri-rezidentlər vergi uçotuna alınmaqla öz gəlirlərindən vergiləri özləri bəyan edəcək və ödəyəcəklər.
  • Azərbaycan Respublikasının rezidenti olan və transmilli şirkətlər qrupuna daxil olan Əsas müəssisə, Müvəkkil müəssisə və ya Qrupdaxili müəssisələrə “Ölkələrarası hesabat”ın müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim edilməməsinə görə - 10000 manat məbləğində maliyyə sanksiyası (hal-hazırda 500 manat) tətbiq ediləcək.

Qanun layihəsində hansısa mühüm dəyişikliklərə dair əlavə məlumatları dərc edəcəyik.  Yeni ildə Vergi Maarifləndirilməsi üzrə illik sessiyamızın tarixi, vaxtı, yeri və gündəliyi barədə sizə məlumat verəcəyik.

Bu fürsətdən istifadə edərək hamını Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni İl münasibəti ilə təbrik edirik! Ən xoş arzular və bol-bol uğurlar diləyirik!

30 Dek, 2022