Xəbərlər
2023-CÜ İL ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASININ VERGİ MƏCƏLLƏSİNƏ EDİLMƏSİ NƏZƏRDƏ TUTULAN BƏZİ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR
Hər il olduğu kimi bu il də növbəti il üçün ölkə iqtisadiyyatının inkişaf dinamikasına adekvat cavab verən vergi sisteminin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Artıq Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı müəyyən layihələr və təkliflər müzakirə mərhələsindədir. Dövlət Vergi Xidməti tərəfindən bəyan edilən bəzi mühüm dəyişiklikləri nəzərinizə çatdırırıq.
- Vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində ƏDV məbləği ödənildiyi halda, heç bir məsuliyyətə (yəni sanksiyaya) səbəb olmayacaq.
- Rezident bank təşkilatlarında hesab açılması üçün vergi orqanından şəhadətnamə-dublikat alınması tələbi aradan qaldırılacaq.
- Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri ilə yanaşı “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyicələri də idxal ediləcək mallar barədə məlumatı verməkdən azad olunacaqlar.
- İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunacaqlar.
- Verilmiş təsdiqedici sənəd əsasında ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad olunacaq.
- İşğaldan azad edilmiş ərazilərə, həmin ərazilərdən ölkənin digər regionlarına, habelə bu ərazilər daxilində hava və dəmiryolu nəqliyyatı vasitəsilə sərnişin və yük daşımalarına görə ƏDV-nin sıfır (0) dərəcəsi ilə tutulması nəzərdə tutulur.
- İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad olunacaq.
- Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) vergi ödəyicilərinin bu fəaliyyətdən əldə etdikləri gəlirləri üzrə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə verilmiş güzəştlərə həmçinin, onların satışdankənar gəlirləri və kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar da əlavə edilmişdir.
- 2023-cü il yanvarın 1-dən etibarən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 sm3-dən çox olmayan hibrid avtomobillərin idxalı zamanı büdcəyə ödənilməli olan aksizin məbləğinin 3 il müddətinə 50% həcmində azaldılması nəzərdə tutulur.
Qeyd edək ki, bu dəyişikliklər yalnız təklif edilən layihədir və müzakirələr nəticəsində hər hansı dəyişikliklərin olunması mümkündür.
31 Okt, 2022