ELMİ NƏŞRLƏRLƏ BAĞLI AZƏRBAYCANIN BEYNƏLXALQ REYTİNQ GÖSTƏRİCİLƏRİNİN YAXŞILAŞDIRILMASI ÜÇÜN TƏŞKİL OLUNAN TƏQDİMAT

Azərbaycan Respublikasının müxtəlif beynəlxalq reytinqlərdə reytinqinin və mövqeyinin yaxşılaşdırılması əsas strateji prioritetlərdən biri kimi müəyyən edilib. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Dövlət Komissiyanın yaradılması haqqında” 13 iyul 2016-cı il tarixində 2199 nömrəli Sərəncam imzalanmışdır. Eyni zamanda, biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Dövlət Komissiyanın sədri, Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini cənab Yaqub Eyyubovun martın 16-sı 2022-ci ildə təsdiq etdiyi “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi” qəbul edilmiş və Ekvita şirkəti də bir sıra tədbirlərin icrası üzrə məsul tərəf kimi müəyyənləşdirilmişdir.

Ekvita ilə BP və tərəfdaş şirkətlər arasında əldə edilmiş razılığa əsasən BP və onun tərəfdaşları tərəfindən maliyyələşən “Sahibkarlığın İnkişafına Dəstək" layihəsi çərçivəsində Yol Xəritəsi üzrə nəzərdə tutulan tədbirlərin icrasının təmini məqsədilə yerli və xarici ekspertlərin cəlb edildiyi layihənin icrasına start verilmişdir.

Cari ilin iyun ayının 22-də “7 saylı Asan Xidmət Mərkəzinin” nəzdində fəalliyyət göstərən "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində aidiyyatı dövlət qurumları və elm və tədris müəssisələrinin nümayəndələrinin iştirakı ilə Ekvita şirkətinin ekspertləri tərəfindən “Elmi əqli potensialın gücləndirilməsi” bölməsi üzrə görülmüş işlər barədə təqdimat keçirilmişdir. Təqdimatda beynəlxalq təcrübə əsasında bir sıra tədbirlər üzrə prioritetlər, bu sahədə görülməsi zəruri olan tədbirlərin strateji istiqaməti və texniki spesifikası müzakirə edilmiş və növbəti mərhələdə əsas fokus istiqamətləri ətrafında fikir mübadiləsi aparılmışdır.  Tədbir daha sonra peşəkar ekspertlərin fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilmişdir.

24 İyn, 2022