AZƏRBAYCAN RESPUBLİKASI VERGİ MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR

İDXAL OLUNAN MALLARIN SİFARİŞÇİLƏRİ, HABELƏ İDXAL OLUNAN MALLARIN SAXLANMASI YERLƏRİ BARƏDƏ MƏLUMATLARIN TƏQDİM EDİLMƏSİ

Vergi Məcəlləsinə əlavə edilmiş yeni maddəyə əsasən (VM 16.1.11-11) idxal əməliyyatları həyata keçirən şəxslərin, habelə üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə vergi nəzarətinin gücləndirilməsi məqsədi ilə vergi ödəyiciləri tərəfindən (neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla) idxal olunan malların sifarişçiləri, habelə idxal olunan malların saxlanması yerləri barədə məlumatın əvvəlcədən vergi orqanlarına təqdim edilməsi vəzifəsi əlavə edilmişdir.

Eyni zamanda VM-nin 57.5-i maddəsinə əsasən idxal edilmiş mallar barədə məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 14 mart 2022-ci il tarixli qərarına əsasən “Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması” təsdiq edilmişdir və 8 aprel 2022-ci il tarixində qüvvəyə minmişdir.

Qeyd edilən məlumat forması ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: https://e-qanun.az/framework/49384

18 Apr, 2022