Xəbərlər, Avqust 2019

Hüquqi akt: “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 1617-VQ nömrəli Qanunu (“Qanun”)

Qəbul edən orqan: Milli Məclis

Qəbul edilmə tarixi: 27 iyun 2019-cu il

Qüvvəyə minmə tarixi: 1 yanvar 2020-ci il

Qəbul edilmiş yeni Qanun aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir.

Qanuna əsasən sığortanın predmetinə aşağıdakılar aiddir:

  • kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla);
  • kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar;
  • akvakultura məhsulu.

Qeyd olunan sığorta predmetləri üzrə kənd təsərrüfatı məhsullarının istehsalçıları aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır:

  • təbii fəlakətlər;
  • yanğınlar;
  •  bitki xəstəlikləri və zərərvericilər;
  • yoluxucu xəstəliklər və zəhərlənmələr;
  • vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu;
  • üçüncü şəxslərin hərəkətləri.

Aqrar sığorta haqqı aqrar sığortalı tərəfindən və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissələrdən ibarətdir.

Qanuna əsasən, aqrar sığortalı sığorta hadisəsinin baş verməsi ilə bağlı İdarəedici quruma müraciət edir və İdarəedici qurum Qanuna əsasən müəyyən olunmuş müstəqil ekspert tərəfindən sığorta hadisəsinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin edir.

İdarədici qurum isə Azərbaycan Respublikası ərazisində qeyri-həyat sığortası sahəsi üzrə fəaliyyətə lisenziyaya malik olan hüquqi şəxslər tərəfindən açıq səhmdar cəmiyyəti təşkilati hüquqi formasında bərabər səhmlərlə yaradılır və fəaliyyət göstərir.

Hüquqi akt: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 1650-VQD nömrəli Qanunu (“Qanun”)

Qəbul edən orqan: Milli Məclis

Qəbul edilmə tarixi: 12 iyul 2019-cu il

Qüvvəyə minmə tarixi: 1 oktyabr 2019-cu il

               

Qanuna əsasən,  əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 160 manatdan artırılaraq 200 manat təşkil edəcək.

Hüquqi akt: “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 1618-VQD nömrəli Qanunu (“Qanun”)

Qəbul edən orqan: Milli Məclis

Qəbul edilmə tarixi: 27 iyun 2019-cu il

Qüvvəyə minmə tarixi: 1 yanvar 2020-ci il

Qanuna əsasən, “Sığorta fəaliyyəti haqqında” AR Qanununa müştərək sığorta ilə bağlı müddəalar əlavə edilib.

Belə ki, müştərək sığorta müştərək sığorta fondu hesabına sığorta ödənişinin verilməsi, risklərin, o cümlədən fondda yaranan gəlir və zərərin bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.

Müştərək sığorta fondu dedikdə isə, fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müştərək sığorta əsasında sığorta etdirilməsi məqsədilə həmin şəxslərin ödədiyi, habelə dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin məcmusudur.

Müştərək sığortaçı isə, müstəsna olaraq müştərək sığorta əsasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya malik olan sığortaçıdır.

11 Sen, 2019