EKVİTA-NIN LAYİHƏ MENECERİ JALƏ SƏRDARLI VƏ BİR SIRA APARICI MÜTƏXƏSSİSLƏR “YERLİ TEXNOLOJİ STARTAPLARIN İNKİŞAFININ TƏŞVİQİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİNDƏ OLUBLAR.


Azərbaycan Texnologiya Universitetində (UTECA) Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi çərçivəsində görüş keçirilib. Universitet rəhbərliyi ilə keçirilən görüşdə layihənin icraçılarından olan EKVİTA şirkətindən Jalə Sərdarlı, Asiya İnkişaf Bankının layihə rəhbəri Səbinə Cəfərova, layihənin alman mütəxəssisi Jurgen Raizner və analitiki Afaq Cavadova iştirak edib.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rektor, professor Akif Süleymanov layihə çərçivəsində indiyədək bir neçə görüşlərin təşkil edildiyini xatırladaraq bu işbirliyinin Gəncə şəhərində ümumi startap ekosisteminin inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.

Sonra layihə mütəxəssisləri və təmsilçiləri layihə çərçivəsində görüləcək işləri qeyd ediblər. Bildirilib ki, status-kvo analiz – universitetdə təhsilalanların startaplar haqqında məlumatlılıq səviyyəsinin öyrənilməsi, startapların idarə olunması ilə bağlı təlimlər, universitetin strategiyasının innovasiyalar və startaplar baxımından təhlili, informasiya transferi, eləcə də universitetin startaplarla bağlı yerli və beynəlxalq əlaqələrini genişləndirmək kimi məsələlər əsas punktlardır.

Görüş çərçivəsində UTECA mütəxəssislərindən ibarət mentorlar komandası formalaşdırılıb. Komanda alman mütəxəssisin təlimlərinə qatılacaq və bundan sonra layihə növbəti mərhələyə keçəcək.

Xatırladaq ki, "ASAN xidmət”lə UTECA, ADAU və GDU arasında "Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində əməkdaşlıq memorandumu ötən ilin iyununda imzalanıb.



14 Fev, 2022