Xəbərlər
"KORRUPSİYAYA QARŞI MÜBARİZƏ, MARAQLARIN TOQQUŞMASI VƏ MƏLUMAT TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏLƏRİ" MÖVZUSUNDA TƏLİM

EKVİTA-nın iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə, maraqların toqquşması və məlumat təhlükəsizliyi məsələləri” mövzusunda təlim keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsinin Monitorinq Raundları ilə bağlı tövsiyələrində korrupsiya ilə mübarizə sahəsində maarifləndirmə və tədrisin genişləndirilməsi, təlimlərin keçirilməsi üzrə icraçı strukturlardan biri kimi müəyyən edilib. Bu səbəbdən korrupsiyaya qarşı mübarizə mövzusu Tədris Mərkəzində ümumi təlim prosesinə, elmi araşdırmaların predmetinə daxil edilir, həmçinin bu sahə ilə bağlı vaxtaşırı müxtəlif tədbirlər (dəyirmi masa, elmi seminar və s.) keçirilir.
Dövlət vergi orqanları əməkdaşlarının korrupsiya ilə mübarizə sahəsində maarifləndirilməsi məqsədilə növbəti təlim EKVİTA şirkətinin və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 3 saylı Ərazi Vergilər Baş İdarəsində keçirilib. Təlimin mövzusu “Korrupsiyaya qarşı mübarizə, maraqların toqquşması və məlumat təhlükəsizliyi məsələləri”nə həsr olunub.
EKVİTA şirkətinin partnyoru Şərəf Əsgərova və Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazım Əliyev çıxışlarında korrupsiya hüquqpozmaları və bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata göstərdiyi neqativ təsirlər, korrupsiyaya şərait yaradan amillər, maraqlar toqquşması, məlumat təhlükəsizliyi, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyasının əsas istiqamətləri və s. məsələlərə toxunublar.Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov təlim iştirakçılarına ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional tədbirlər və islahatlar barədə ətraflı məlumat verib.
İnteraktiv formatda keçirilmiş tədbirin sonunda iştirakçıların sualları təlimçilər tərəfindən ətraflı cavablandırılıb.