“SAHİBKAR QADINLARIN VERGİ BİLİKLƏRİNİN ARTIRILMASI” MÖVZUSUNDA TƏLİMLƏR KEÇİRİLMİŞDİR

Dövlət və qeyri-dövlət orqanları ilə sıx əməkdaşlıq çərçivəsində müəyyən layihələrin həyata keçirilməsi EKVİTA şirkətinin əsas fəaliyyət istiqamətlərindən biridir. Növbəti belə layihələrdən biri də Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisi və DVX-nin Tədris Mərkəzi ilə birlikdə  həyata keçirilmişdir.

“Sahibkar qadınların vergi biliklərinin artırılması” adlı layihənin əsas məqsədi ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən sahibkar qadınların vergi mövzusunda maarifləndirilməsidir.

Layihə çərçivəsində 30 iyul 2021-ci il tarixində Qusar rayon Heydər Əliyev Mərkəzində 3 saylı Ərazi Vergilər İdarəsinin dəstəyi ilə baş tutmuş təlimə Qusar, Quba, Xaçmaz və Şabran rayonlarında sahibkarlıq fəaliyyəti göstərən qadın sahibkarlar qatılmışdır.

EKVİTA şirkətinin vergi məsələləri üzrə meneceri Fariz Yadigarov “Vergi Qanunvericiliyində Nəzərdə Tutulan Məsuliyyət Tədbirləri” mövzusunda çıxış etmiş, vergi qanunvericiliyinin pozulması zamanı məsuliyyət məsələləri barədə qadın sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Tədbirdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisinin direktoru J. H. Moon, Qusar rayon İcra Hakimiyyətinin Başçısının müavini Zoya Eldarova, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən Mirəli Kazımov və EKVİTA şirkətinin partnyoru Müşfiq Əliyev iştirak etmişdir.

 

03 Avq, 2021