Publications

Hüquqi şəxslə təsisçisi fiziki şəxs arasındakı borc müqaviləsi üzrə yaranan vergi münasibətləri

Mövzunu "EKVİTA" şirkətinin vergi məsələləri üzrə məsləhətçisi Meyxanım Ələkbərova şərh edir.

Bu məsələ ilə bağlı bir sıra sualların aydınlaşdırılmasına ehtiyac var:

  • Təsisçi fiziki şəxslə bağlanan borc müqaviləsi notarial qaydada təsdiq olunmalıdırmı?
  • Təsisçi fiziki şəxslə bağlanan borc müqaviləsi bağlanarkən faizlər tətbiq olunmalıdırmı?
  • Təsisçi fiziki şəxsdən alınan borcun qaytarılması zamanı vergitutma məqsədləri üçün faizlər üzrə vergi tutulmalıdırmı?

Mülkiyyət və təşkilati formasından asılı olmayaraq hər bir müəssisə öz təsərrüfat fəaliyyətini həyata keçirmək üçün müəyyən maliyyə resurslarına ehtiyac duyur. Bu maliyyələşmə ya müəssisənin öz daxili imkanları, ya da kənar mənbələrdən cəlb edilmiş vəsaitlərlə təmin olunur. Təcrübədə kənar mənbələr hesabına maliyyələşmənin ən geniş yayılmış formalarından biri təsisçilərdən borc götürülməsidir. Yəni maliyyələşmə təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş şəklində deyil, borc müqaviləsi bağlamaq yolu ilə həyata keçirilir. Təsisçi fiziki şəxslər tərəfindən borc müqaviləsi əsasında vəsaitlərin verilməsi və qaytarılması zamanı potensial vergi münasibətlərini nəzərdən keçirək.

Borc müqaviləsi nədir?

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, borc müqaviləsi, borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürdüyü, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürdüyü müqavilə formasıdır.

Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlana bilər. Borc alan və borc verən fiziki şəxs olarsa 3.000 manata qədər verilən borclara görə borc müqaviləsi şifahi formada bağlana bilər. Əgər borc müqaviləsi predmetinin məbləği 3.000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçılarından, yəni borc alan və borc verəndən biri və ya da hər ikisi hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Qeyd edildiyi kimi, borc müqaviləsi şifahi formada da bağlana bilər, lakin gələcəkdə yarana biləcək potensial problemlərlə qarşılaşmamaq üçün onun yazılı formada bağlanması daha məqsədəuyğundur. Onu da vurğulamaq lazımdır ki, qanunvericilikdə təsisçi ilə müəssisə arasında, yəni qarşılıqlı surətdə asılı olan şəxslər arasında bağlanan borc müqaviləsinin notarial qaydada təsdiq olunması tələbi nəzərdə tutulmamışdır. Beləliklə, təsisçi fiziki şəxslə müəssisə arasında bağlanan borc müqaviləsinin notarial qaydada təsdiq olunmasına ehtiyac yoxdur.

Faizlər hesablanmalıdırmı?

Bu tip borc müqaviləsində faizlərin tətbiq olunub-olunmaması məsələsi bir çox hallarda müzakirə predmetinə çevrilir. Bu xüsusilə müqavilədə faizlərin nəzərdə tutulmadığı və ya faiz dərəcəsinin "0" göstərildiyi hallarda baş verir. Belə mülahizə də irəli sürülür ki, bu müqavilə qarşılıqlı surətdə asılı olan şəxslər arasında aparıldığına görə Vergi Məcəlləsinin 14-cü maddəsi tətbiq olunaraq faizlər hesablanmalı və ödəmə mənbəyində vergi tutulmalıdır.

Bu, düzgün yanaşma deyil. Əvvəla, Vergi Məcəlləsinin 14-cü maddəsi mahiyyətcə bu tip əməliyyatlarda tətbiq olunmur. Qeyd olunan maddə qiymət amili ilə bağlıdır və konkret əməliyyatlarda vergidən yayınma hallarının qarşısının alınması və ya minimallaşdırılması məqsədilə, əməliyyatda təsbit olunmuş qiymət göstəricisinə alternativ qiymət göstəricisi üzərindən vergilərin hesablanmasını nəzərdə tutur. Qiymət amili isə öz iqtisadi təbiətinə görə pul vəsaiti ilə deyil, mal, iş və xidmətin təqdim edilməsi ilə bağlıdır, Başqa sözlə, pul vəsaitinin borc götürülməsi əməliyyatının dəyər göstəricisi QİYMƏTİ yox, MƏBLƏĞİ ifadə edir. Həmin məbləğ isə sabitdir, heç bir amilin təsiri ilə dəyişməsi mümkün deyil və nəticə etibarilə, potensial vergidən yayınma perspektivi faktiki olaraq yoxdur.

Digər tərəfdən, belə əməliyyatlarda bazar qiyməti tətbiq olunsa belə, məhz hansı dərəcənin tətbiq olunması sualı meydana çıxır. Bununla bağlı vergi qanunvericiliyində hər hansı bir müddəa nəzərdə tutulmamışdır.

Borc vəsaitlərinə faiz tətbiqi fiskal baxımdan səmərəlidirmi?

Əslində isə, hətta qeyd olunan əməliyyatlarda borc vəsaitlərinə faiz tətbiq edilərsə belə, bu, dövlət büdcəsi üçün fiskal baxımdan heç də səmərəli deyil. Yəni ən azından faizlər üzrə fiziki şəxsin gəlirlərindən ödəmə mənbəyində tutulan verginin məbləği (10%) müəssisənin ümumi gəlirindən həmin faizlər üzrə xərc olaraq azaltdığı məbləğdən iki dəfə (20%) azdır. Məsələn, hesab edək ki, təsisçi tərəfindən müəssisəyə verilmiş borc məbləği üzrə hesablanmış faiz məbləği 150 manatdır. Məlum olduğu, bu halda əməliyyat tərəflərindən biri üçün gəlir yarandığı kimi, digəri üçün xərc yaranacaq. Yəni, təsisçi fiziki şəxs üçün faiz gəlirinə görə əlavə vergitutma obyekti yarandığı halda, müəssisə üçün ümumi gəlirin, o cümlədən vergiyə cəlb olunan mənfəətin azalması baş verəcək. Misalımıza görə, borc məbləği geri qaytarılarkən təsisçinin faiz gəlirindən 150 × 10% = 15 manat ödəmə mənbəyindən vergi tutulacaq. Müəssisə üçün isə ümumi gəlir 150 manat, o cümlədən mənfəət vergisi 30 manat (150×20%=30) azalacaq.

Adətən bu kimi yanaşmalarda əsas motiv müəssisə və həmin müəssisənin təsisçisi olan fiziki şəxsin qarşılıqlı surətdə asılı olan şəxs olmasıdır. Doğrudur, Vergi Məcəlləsinin 14.3-cü maddəsinə görə təsərrüfat əməliyyatları qarşılıqlı surətdə asılı olan şəxslər arasında aparılırsa bu halda, bazar qiyməti tətbiq edilə bilər. Lakin Məcəllənin 14.5-ci maddəsində xüsusi olaraq qeyd edilir ki, əməliyyat tərəflərinin münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərmədiyi halda, bazar qiyməti tətbiq edilmir. Bizim baxdığımız konkret əməliyyatda isə istər maliyə-iqtisadi, istərsə də hüquqi baxımından hər hansı qeyri-adekvat hal yoxdur.

Sadəcə olaraq, fiziki şəxs təsisçisi olduğu müəssisəyə müəyyən məbləğdə pul vəsaitini borc verir və müqavilədə müəyyən edilmiş müddətdə həmin məbləği geri alır. Həm də təsisçi fiziki şəxsin sahibkarlıq fəaliyyətini həmin hüquqi şəxs vasitəsilə həyata keçirdiyini, dolayısıyla gəlirini də həmin hüquqi şəxs üzərindən əldə etdiyini (və ya edəcəyini) nəzərə alaraq, qeyd olunan borc müqaviləsinə kommersiya əməliyyatı kimi yanaşması (borcu faiz gəliri əldə etmək niyyətilə verməsi) məntiqli görünmür.

Ona görə də vergitutma baxımından qeyd olunan əməliyyatı iqtisadi xarakterinə görə digər kommersiya əməliyyatlarından fərqləndirmək mühüm əhəmiyyət kəsb edir.

Borcun nağd və ya nağdsız verilməsi...

Vacib məsələlərdən biri də borcun nağd və ya nağdsız verilməsi, həmçinin ödənişin nağd və ya nağdsız edilməsi ilə bağlıdır. Nağdsız hesablaşmalar haqqında qanunun 3.4.6-cı maddəsinə əsasən, əgər təsisiçi və yaxud qarşılıqlı surətdə asılı olan digər şəxs müəssisəyə faizsiz borc verərsə, bu halda borc alan və borc verən hər ikisi vergi ödəyicisi kimi uçotda olan şəxslər olduqda bu borcun verilməsi və qaytarılması mütləq nağdsız qaydada həyata keçirilməlidir. Bu əməliyyatlar nağd qaydada yalnız o halda həyata keçirilə bilər ki, borc alan və ya borc verən vergi ödəyicisi kimi uçotda olmasın. Məsələn, vergi ödəyicisi kimi uçotda olmayan təsisçi nağd şəkildə istənilən məbləği təsərrüfat subyektinin kassasına qoya bilər. Əsas tələb budur ki, kassa mədaxil orderi-ciddi hesabat blankı tərtib olunsun. Lakin həmin borcun vergi ödəyicisi kimi uçotda olmayan şəxsə qaytarılması mütləq limitli şəkildə - "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.3-cü maddəsində müəyyən edilən reqlament üzrə həyata keçirilir.

05 JUN, 2020