Əmtəə nişanından istifadə olunması halının sübut edilməsinin xüsusiyyətləri

Açar sözlər: Əqli mülkiyyət, Əqli mülkiyyət hüquqları, Əmtəə nişanı, Əqli Mülkiyyət Agentliyi

 

Əmtəə nişanı üçün müstəsna hüquq tanınır ki, bu hüquq əmtəə nişanının müvafiq dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə şəhadətnamə ilə təsdiqlənir. Lakin, əmtəə nişanının  dövlət qeydiyyatı və şəhadətnamənin alınması, onun daimi olaraq hüquq sahibi olan konkret şəxsə məxsus olmasına dəlalət etmir. Bir çox dünya ölkələrinin, həmçinin Azərbaycan Respublikasının da qanunvericiliyi maraqlı şəxsin, kifayət qədər əsasların olduğu təqdirdə, əmtəə nişanının onun hüquq sahibi tərəfindən istifadə edilməməsi əsası ilə hüquqi mühafizəsinə vaxtından əvvəl  xitam verilməsi imkanını nəzərdə tutur. Bunun üçün Azərbaycanda maraqlı tərəf Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasına ərizə ilə müraciət etməlidir, həmin inzibati orqanının qərarını isə gələcəkdə hər bir tərəf müvafiq inzibati məhkəmədə mübahisələndirə bilər.

Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında Azərbaycan Respublikasının qanunun (bundan sonra “Qanun”) 30-cu maddəsi qeydiyyata alınmış əmtəə nişanının istifadə edilmədiyi hallarda qeydiyyatının ləğvini nəzərdə tutur: “Əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası qeydiyyata xitam verə bilər”.

Bu riskin daha ətraflı anlayışı və hüquq sahibinin öz əmtəə nişanını qoruması məqsədi ilə profilaktik tədbirlərin görülməsi üçün qanunvericilik anlayışında “istifadənin” konkret olaraq nə demək olduğunun aydın izahı çox vacibdir. Qanunun 26-ci maddəsində istifadə hallarının misalları gətirilib:

  • əmtəə nişanının onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi;
  • əmtəə nişanının reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi;
  • əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı zamanı nişandan istifadə;
  • əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi;
  • əmtəə nişanından istifadənin onun sahibi və ya lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi.

 

Əmtəə nişanının istifadə edilməməsi ilə əlaqədar olaraq qeydiyyata xitam verilməsi ilə bağlı potensial ərizə ilə müraciət edildiyi təqdirdə sübütetmə yükü hüquq sahibinin üzərinə düşür və o, öz əmtəə nişanının istifadəsinə dair tutarlı dəlillər gətirməli, yaxud onun tərəfindən əmtəə nişanının mülki dövriyyədə istifadə olunmamasının üzürlü səbəblərinə dair sübutları iclasda təqdim etməlidir. Apellyasiya şurasının qərarının gələcəkdə məhkəmədə mübahisələndirildiyi təqdirdə sübutlar, həmçinin də,  müvafiq məhkəmə instansiyaları tərəfindən öyrəniləcəkdir. Hüquq sahibi sübut etməlidir ki, o, əmtəə nişanını, ərizə ilə müraciət edən şəxsin iddia etdiyi əmtəə və xidmətlər sinfində istifadə edir. Əks halda həmin ərizə, əmtəə nişanının istifadə olunmadığı siniflər üzrə təmin edilə bilər.  Misal üçün, Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının 19-cu sinfində tikinti materialları üçün və 20-ci sinifdə mebel üçün qeydiyyata alınan, lakin yalnız ikinci halda - mebel istehsalı və satışı üçün istifadə  olunan “X” əmtəə nişanına, 19-cu sinifdə oxşar əmtəə nişanının qeydiyyatına almasına marağı olan və Apellyasiya şurasına müvafiq ərizə ilə müraciət edən namizədin olduğu təqdirdə, “X” əmtəə nişanına 19-cu sinif üzrə xitam verilə bilər. Bütün bunları nəzərə alaraq, hüquq sahibinin istifadə etdiyi əmtəə nişanının istifadəsi barədə müvafiq sənədləşmə işini, xüsusi ilə də onun üçün vacib olan mal və xidmət sinifləri üzrə aparması arzuolunandır.  Sübut bazası kimi aşağıdakı nümunələr daha çox istifadə olunur:

  • üzərində əmtəə nişanının olduğu malların mülki dövriyyəyə buraxılmasını təsdiqləyən ödəniş sənədləri;
  • əmtəə nişanı hüquq sahibi tərəfdən istifadə olunmadığı halda, onun nəzarəti altında istifadəsini təsdiq edən sənədlər (məsələn, əmtəə nişanından istifadə hüququ verən lisenziya müqaviləsi);
  • reklam materialları;
  • üzərinə əmtəə nişanı vurulmuş malların Azərbaycan Respublikası ərazisinə idxalını sübut edən gömrük bəyannamələri, həmçinin həmin malların daşınması ilə bağlı sənədlər;
  • üzərinə əmtəə nişanı vurulmuş malların sərgilərdə nümayişini təsdiqləyən sənədlər.

Yuxarıda göstərilən siyahı tam hesab olunmur, mümkün sübutlar kimi bura, istehlakçılar üçün açıq olan materiallar - qiymət cədvəlləri, elanlar, internet saytlarından çıxarışlar və lövhələr, həmçinin,  müştəri siyahısı, məhsulun fotoları, illik hesabatlar, şahid ifadələrini də aid etmək olar. Hüquq sahibi tərəfindən, həmçinin, əmtəə nişanının istifadəsi ilə bağlı sosial ekspertiza sifariş edilə və həyata keçirə bilər. İstehlakçı sorğusu, onların  əmtəə nişanını hansı zaman ərzində tanıması, nə zamandan və hansı mənbələrin hesabına bu nişana rast gəlməsi, təəssüratların hansı istehlakçı ilə bağlı olmasnı aydınlaşdırmağa imkan verir.

Bəzi ölkələrdə əmtəə nişanının “simvolik” istifadəsini müəyyənləşdirməyə dair xüsusi marağa səbəb olan məhkəmə təcrübəsi mövcuddur. Bu ölkələrdə müvafiq inzibati orqan və ya məhkəmə tərəfindən əmtəə nişanının qeydiyyatına xitam verilməsi ilə bağlı işin baxılması zamanı mülki dövriyyəyə buraxılan məhsulun həcmi nəzərə alına bilər. Məsələn, əgər məhsul eksklüziv və ya bahalı deyilsə və kütləvi istifadəyə hədəflənibsə, dövriyyə səviyyəsinin aşağı olması “simvolik” istifadə kimi hesab oluna bilər və bu da öz növbəsində əmtəə nişanının istifadə olunmaması səbəbindən ləğvinə gətirib çıxarır.

Əgər hüquq sahibi, əmtəə nişanının istifadəsinə imkan verməyən və ondan asılı olmayan səbəblərin mövcudluğunu təsdiqləyən dəlillər təqdim etsə, nişanın hüquqi mühafizəsinin qorunması mümkündür. Hüquq sahibi əmtəə nişanından istifadə hüququna lisenziya verdiyi şirkət maliyyə və yaxud hər hansı başqa səbəblərdən malların istehsalını təmin edə bilmədiyi halı buna nümunə kimi göstərmək olar. Bu halda Apellyasiya şurası və ya məhkəmə qərar verə bilər ki, hüquq sahibi ondan asılı olmayan səbəblərdən əmtəə nişanından istifadə etməyib.

Beləliklə, yuxarıda göstərilənləri ümumiləşdirərək hüquq sahibi əmtəə nişanından istifadəyə namizədlərə qarşı uğurlu mübarizə üçün risklərin minimallaşdırılmasına yönələn bir sıra tədbirlər həyata keçirməlidir ki, bunlara, üzərində əmtəə nişanının aid olduğu siniflər üzrə məhsulların satışını təklif edən reklam bukletlərinin və digər materialların çapı, məhsul üçün internet saytının yaradılması və orada malların təşviqi ilə bağlı məlumatların yerləşdirilməsi, həmçinin, mal dövriyyəsi ilə bağlı sənədləşmənin, gömrük bəyannamələrinin saxlanılması aid edilə bilər. Hüquq sahibi, əmtəə nişanının qeydiyyatının vaxtından əvvəl xitam riskini hər zaman yadında saxlamalıdır və onun sahibkarlıq fəaliyyəti üçün vacib olan mal və xidmətlər sinifləri üzrə əmtəə nişanından istifadə üçün kifayət qədər sübutların olması barədə mütəmadi olaraq qiymətləndirmə həyata keçirməlidir.

Müəllif barədə məlumat:

Emil Bəşirov "EKVITA" konsaltinq şirkətinin əqli mülkiyyət hüququ, haqsız rəqabət və istehlakçı hüquqların müdafiəsi məsələlərinə cavabdeh olan baş hüquqşünasıdır. O, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında hüquq ixtisası üzrə bakalavr və 2013-cü ildə Niderland Krallığında yerləşən Erasmus University Rotterdam-da kommersiya və Korporativ Hüquq ixtisası üzrə LL.M. magistr dərəcəsi almışdır. Emil 2018-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və bununla əlaqədar bütün instansiyaların məhkəmələrində həm yerli, həm də beynəlxalq müştərilərin maraqlarını təmsil etmək hüququna malikdir.

23 Sen, 2020