Xülasə, Oktyabr 2018

12 11 2018



Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi


Sahə: Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsi Əleyhinə Mübarizə

Hüquqi akt: Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nın təsdiqedilməsi barədə 433 nömrəli Qərar

Qəbul edən orqan: Azərbaycan Respublikasının Nazirlər Kabineti

Qəbul edilmə tarixi: 10 oktyabr 2018-ci il

Qüvvəyə minmə tarixi: 13 oktyabr 2018-ci il

Qaydaya əsasən, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər Qaydada müəyyən olunmuş hallarda kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatları (qanunvericiliyə əsasən kommersiya sirri hesab olunan məlumatları) xidmət haqqından azad şəkildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının informasiya sistemindən elektron imza vasitəsilə sorğu verərək əldə edə bilərlər.

Qeyd edək ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının  10 fevral 2009-cu il tarixli Qanununa əsasən, monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısını almaq məqsədi ilə Qanunla nəzərdə tutulmuş tədbirləri həyata keçirən aşağıdakı cədvəldə göstərilən şəxslər aiddir:


Monitorinq iştirakçıları 



Monitorinqdə iştirak edən digər şəxslər
kredit təşkilatları

qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər


sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri

 daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər


investisiya şirkətləri

lotereya və idman mərc oyunları təşkilatçıları


lizinq xidmətləri göstərən hüquqi şəxslər

vəkillər


pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan,  poçt xidməti göstərən müəssisələr və digər təşkilatlar



Notariuslar
lombardlar

hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri, auditor xidmətləri göstərən şəxslər


investisiya fondları və bu fondların idarəçiləri




öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatıxarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi və ya dini təşkilat




valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər


 



Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi artıq mümkündür

 

Sahə: Cinayət Hüququ

Hüquqi akt: “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 1271-VQD nömrəli Qanun 

Qəbul edən orqan: Azərbaycan Respublikasının Milli Məclisi 

Qəbul edilmə tarixi: 12 oktyabr 2018-ci il

Qüvvəyə minmə tarixi: 19 oktyabr 2018-ci il

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi hüquqi şəxslərə tətbiq edilən aşağıdakı cinayət-hüquqi xarakterli tədbirlərin tətbiqi qaydalarını və şərtlərini müəyyən edir:

  • Cərimə
  • Xüsusi müsadirə
  • Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə
  • Hüquqi şəxsi ləğv etmə

Qeyd edək ki, 7 mart 2012-ci il tarixli Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə hüquqi şəxslər barəsində tətbiq edilən cinayət-hüquqi xarakterli tədbirlər adlı fəsil daxil edilmiş, lakin həmin müddəaların Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minəcəyi müəyyən edilmişdi. Beləliklə, Cəzaların İcrası Məcəlləsinə edilmiş dəyişikliklərin hüquqi qüvvəyə minməsi ilə artıq hüquqi şəxslər də cinayət məsuliyyəti daşıyaraq cinayətin subyekti olurlar.




“ASAN xidmət” mərkəzləri tərəfindən həyata keçirilən xidmətlər siyahısı genişləndirilir 


Sahə: İnzibati hüquq

Hüquqi akt: “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə”  313 nömrəli Fərman

Qəbul edən orqan: Azərbaycan Respublikasının Prezidenti

Qəbul edilmə tarixi: 26 oktyabr 2018-ci il

Qüvvəyə minmə tarixi: 27 oktyabr 2018-ci il

Dəyişikliklərə əsasən, “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlər siyahısına aşağıdakı yeni xidmətlər əlavə edilir:

  • torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi;
  • əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması;
  • vətəndaşın hərbi qeydiyyatda olmasına dair arayışın verilməsi;
  • vətəndaşa müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verildiyinə dair arayışın verilməsi;
  • həqiqi hərbi xidmət keçmiş şəxsə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi;
  • vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərildiyinə dair arayışın verilməsi;
  • qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və müvafiq dövlət reyestrindən çıxarışın (onun dublikatının) verilməsi;
  • qeydiyyata alınmış subyektlərin reyestr məlumatlarında dəyişiklik edilməsi;
  • qida təhlükəsizliyi sertifikatının verilməsi;
  • ixrac edilən heyvanlara və heyvan mənşəli məhsullara beynəlxalq baytarlıq sertifikatının verilməsi;
  • idxal və istehsal edilən baytarlıq preparatlarının dövlət qeydiyyatına (təkrar qeydiyyata) alınması və bu barədə qeydiyyat şəhadətnaməsinin (təkrar qeydiyyat şəhadətnaməsinin) verilməsi;
  • bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi;
  • daxili karantin sertifikatının verilməsi;
  • pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyata alınması və qeydiyyat (təkrar qeydiyyat) şəhadətnaməsinin verilməsi;
  • Avropa İttifaqının yeyinti məhsullarının idxalı ilə bağlı tələblərinin icrasını həyata keçirmək məqsədilə həmin ölkələrə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə müvafiq sənədlərin (məlumatların) verilməsi.




2018–2020-ci illərdə Azərbaycan Respublikasında Rəqəmsal Ödənişlərin Genişləndirilməsi üzrə Dövlət Proqramı (“Proqram”)


Sahə: Maliyyə və İnzibati Hüquq

Hüquqi akt: “2018–2020-ci illərdə Azərbaycan Respublikasında Rəqəmsal Ödənişlərin Genişləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 507 nömrəli Sərəncam

Qəbul edən orqan: Azərbaycan Respublikasının Prezidenti

Qəbul edilmə tarixi: 26 sentyabr 2018-ci il

Qüvvəyə minmə tarixi: 27 sentyabr 2018-ci il

Proqramın strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi  nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Bu məqsədlə Proqrama əsasən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən bəzilərini nəzərinizə çatdırmaq istərdik:

  • Azərbaycanda ədalətli bazar strukturunun formalaşmasını sürətləndirmək üçün Rəqabət Məcəlləsinin qəbulunun sürətləndirilməsi
  • Dövlət satınalmalarında kiçik və orta sahibkarların üstün şərtlərlə iştirakının təmin edilməsi
  • Sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılması
  • Qeyri-formal məşğulluğun yüksək olduğu sektorlarda əmək müqaviləsi qeydiyyata alınmamış işçi sayının azaldılması üçün “minimum əmək” standartlarının yaradılmasının nəzərdən keçirilməsi
  • “Vahid Mühasibatlıq Sistemi”nin tətbiq edilməsi
  • Rəqəmsal bankçılığın inkişafı məqsədilə bank hesabının açılması və idarəedilməsi zamanı müasir məsafədən identifikasiya vasitələrinin istifadə edilməsinin, fiziki olaraq banka gəlmədən bank məhsulu və xidmətlərindən istifadənin, bank hesabları vasitəsilə əməliyyatların aparılması imkanının təmin olunması, habelə, “e-pul” kimi məhsulların ölkədə tətbiqinin hüquqi bazasının yaradılması
  • Kiçik təsərrüfat subyektlərinə nağdsız ödəniş qəbul etmək imkanı verən ucuz ödəniş üsullarının (QR-kod)  təqdim edilməsi
  • “mobul pul kisələri” kimi müasir ödəniş mexanizmlərinin yaradılması və istifadə edilməsi